Xbox uzun gamertag-ları geri qaytarır
Yeniliklər arasında ən diqqət çəkəni isə uzun müddətdən sonra gamertag (istifadəçi adı) limitinin yenidən 15 simvola qaldırılmasıdır.
Şirkət bildirib ki, bu dəyişiklik oyunçuların daha çevik istifadəçi adları seçmək istəyi nəzərə alınaraq həyata keçirilib. Əgər seçilən gamertag unikal olarsa, onun uzunluğu 15 simvola qədər ola biləcək. Lakin eyni ad artıq istifadə olunursa və sistem sonuna rəqəmlər əlavə etməli olarsa, maksimum uzunluq 12 simvol olaraq qalacaq. Latın əlifbasından kənar simvollardan istifadə edilən gamertag-lar üçün də limit dəyişməyərək 12 simvol olacaq.
Yeniləmə yalnız bununla məhdudlaşmır. Xbox artıq Xbox 360 oyunları üçün oyun kartlarında (Game Card) xüsusi məlumat bölməsi təqdim edir. İstifadəçilər burada nailiyyətlərini (Achievements), ekran görüntülərini və digər statistik məlumatları görə biləcəklər. Bundan əlavə, Xbox 360 oyunlarının nailiyyətləri artıq profil səhifəsində də daha ətraflı göstəriləcək. Microsoft həmçinin yeni bir rahatlıq funksiyasını da sınaqdan keçirir. Əgər oyun yenilənirsə və həmin oyun Game Pass üzvlüyü çərçivəsində bulud üzərindən oynana bilirsə, istifadəçilər yeniləmənin tamamlanmasını gözləmədən oyunu Xbox Cloud Gaming vasitəsilə dərhal işə sala biləcəklər. Bu müddətdə yeniləmə arxa planda davam edəcək.
Bundan başqa, istifadəçilər artıq həm satışa çıxmış, həm də gələcəkdə təqdim olunacaq oyunları birbaşa oyun kartından istək siyahısına (Wishlist) əlavə edə biləcəklər.
Paylaş