main-post-cover

    Xiaomi 13T və 13T Pro təqdim olundu - QİYMƏTİ

    Cihazlar+
    26.09.2023
    Emil Nəcəfov
        Xiaomi qlobal bazarda Xiaomi 13T13T Pro smartfonlarını təqdim edib. Sözügedən yeni smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəyirlər. Onlar öz aralarında texniki göstəricilər mövzusunda sadəcə prosessor, RAM, daxili yaddaş həcmi və dəstəklənən sürətli şarj texnologiyasının gücü baxımından fərqlənirlər. Yerdə qalan bütün göstəricilər üzrə smartfonlar eynidirlər. Beləliklə Xiaomi 13T və 13T Pro 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.67 düym AMOLED ekranla təchiz olunublar. Hər iki smartfonda ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edir.
        Barmaq izi skanı texnologiyası smartfonlarda ekranlara inteqrasiya edilib. Onların gövdələri IP68 standartı üzrə sudan qorunurlar və özlərində Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirirlər. Adi Xiaomi 13T modeli MediaTek Dimensity 8200 Ultra prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirir. Xiaomi 13T Pro isə MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışır və özündə 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini birləşdirir.
        Hər iki smartfon 50 MP (f/1.9 diafraqma, optik stabilizasiya, elektron stabilizasiya) + 50 MP (f/1.9 diafraqma, avtofokus, 20 qat rəqəmsal zoom) + 12 MP (f/2.2 diafraqma, fikslənmiş fokuslanma) üçlü arxa kameraya və 20 MP-lik ön kameraya sahibdir. Üstəlik hər iki smartfona 5000 mAh enerji tutumlu batareya quraşdırılıb. Adi Xiaomi 13T modeli 67 vatt gücündə sürətli şarj texnologiyasını, Xiaomi 13T Pro isə 120 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Smartfonlar MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışırlar. Xiaomi bildirib ki, həm Xiaomi 13T həm də Xiaomi 13T Pro 4 il ərzində Android yenilənməsini, 5 il ərzində isə təhlükəsizlik yenilənmələrini əldə edəcək. Bu yeni smartfonlar artıq yaxın günlərdə satışa çıxacaqlar. Onların satış qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Xiaomi 13T - 650 avro
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Xiaomi 13T Pro - 800 avro
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib Xiaomi 13T Pro - 900 avro
    - 16 GB RAM-a və 1 TB yaddaşa sahib Xiaomi 13T Pro - 1000 avro.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər