Microsoft şirkəti Barselonada HoloLens 2 artırılmış reallıq eynəyini təqdim edib (VİDEO)
MWC 2019
27.02.2019
Farid Pardashunas
Microsoft şirkəti MWC 2019 sərgisində HoloLens 2 artırılmş eynəyini təqdim edib. Birinci HoloLens eynəyindən fərqli olaraq HoloLens 2 bir sıra yeni özəllikləri əldə edib. Buna misal olaraq daha güclü Snapdragon prosessorunu, bir qədər dəyişilmiş gövdə dizaynını və təsvir edilən holoqramların piksellərinin sıxlıqlarının saxlanması zamanı istifadəçi baxışı sahəsinin artırılmasını gətirmək olar. HoloLens 2 Microsoft şirkətinin ikinci nəsil artırılmış reallıq eynəyidir və o, təsvirin lazerli proyeksiyası ilə holoqrafikadan istifadə edir. HoloLens 2 artırılmış eynəyi Snapdragon 850 mobil prosessoru ilə təchiz olunaraq öz texniki özəlliklərini təkmilləşdirib.
Yeni nəsil artrılmış reallıq eynəyi 1 dərəcə görünüş sahəsi üçün holoqrafik sıxlığı 47 pikseldə saxlayaraq özünün ümumi görünüş sahəsini iki dəfə artırıb. Eynəkdə olan xüsusi ötürücülərin süni zəka texnologiyası ilə birlikdə çalışması sayəsində əlavə idarəetmə cihazları olmadan da əks olunan holoqramlarla qarşılıqlı əlaqədə olmaq mümkündür. HoloLens 2-də batareya hissəsi gövdənin arxasına yerləşdirildiyi üçün eynək balanslaşdırılmış mərkəzi ağırlığa sahibdir. Eynəyin gövdəsinin karbon liflərindən hazırlanması, baş hissəsinə xüsusi taxılma mexanizmi və cihazın geniş nizamlayıcı özəllikləri HoloLens 2 eynəyini uzun müddət işlətmək imkanını verir. Bununla belə istifadəçi heç bir diskomfot yaşamır.
Hansısa işi eynəksiz görmək üçün eynəyin özünü çıxartmaq lazım deyil. Sadəcə olaraq holoqramları istifadəçi gözünə əks etdirən xüsusi panelləri qaldırmaq kifayət edir. Yaxşılaşdırılmış videoidarəedicilərdən əlavə olaraq HoloLens 2 eynəyi həmçinin istifadəçi gözünün hərəkətlərini izləməyə imkan verən xüsusi ötürücülər ilə də təchiz olunub. Bu isə öz növbəsində holoqramlarla qarşılıqlı əlaqəni daha da yüksək səviyyəyə çıxarır. Bundan əlavə olaraq HoloLens 2 eynəyi Windows Hello adlı istifadəçi gözünün qişasının skan texnologiyasını da əldə edib. HoloLens 2 artırılmış reallıq eynəyi ilk növbədə korporativ müştərilər üçün nəzərdə tutulub və bu ildən başlayaraq Microsoft-un partnyorlarına 3500$ qiymətində satılacaq. HoloLens 2 ilk öncə ABŞ, Çin, Yaponiya, Almaniya, Kanada, İngiltərə, İrlandiya, Fransa, Avstraliya və Yeni Zelandiyada satılacaq.
Qeyd edək ki, MWC 2019 yayımlarımızın sponsoru Kontakt Home mağazalar şəbəkəsidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei nova 13 və nova 13 Pro təqdim olunub - QİYMƏTİ
14 yaşlı bir uşağın ölümündə süni intellekt günahkar görülüb!