Logo
    main-post-cover

    ABŞ hərbçiləri Cybertruck-ı raketlər üçün hədəf qismində sınaqdan keçirəcəklər

    Nəqliyyat
    07.08.2025
    Emil
         Tesla-nın elektrik pikaplarının ABŞ xüsusi xidmət orqanları və ordusu tərəfindən istifadə olunması cəhdləri hələlik tək-tək hallarla məhdudlaşır. Lakin Pentaqon Cybertruck-ın ehtimal olunan düşmənin əlinə keçməsi perspektivindən açıq şəkildə narahatdır və buna görə də bir neçə elektromobili müxtəlif silah növlərinin zərbə qabiliyyətinin sınaqdan keçirildiyi poliqona göndərmək qərarına gəlib. Hərbçilər üçün bu cür sınaqlar adi bir təcrübədir və təlim hədəfi kimi yalnız zirehli texnika deyil, həm də ən sadə mülki nəqliyyat vasitələri istifadə olunur. Məlumata görə, ABŞ Müdafiə Nazirliyi Nyu-Meksiko ştatındakı poliqona müxtəlif tipli 33 nəqliyyat vasitəsinin tədarükü üzrə tender elan edib.
         Həmin poliqonda, o cümlədən, raket silahları da sınaqdan keçirilir. Adı açıqlanmayan sedanlar, pikaplar və yüngül yük maşınlarının yer aldıqları siyahıda iki ədəd Tesla Cybertruck da qeyd olunur. Hərbçilərin marağına səbəb olan təkcə Elon Musk-ın keçmişdə verdiyi, paslanmayan poladdan hazırlanmış qapı panellərinin və yan şüşələrin gülləyə davamlı olması ilə bağlı açıqlamaları deyil. Eyni zamanda, Cybertruck-ın güc karkasına malik qeyri-adi gövdə quruluşu və çöl hissəsindəki düz paslanmayan polad panellər də diqqət çəkir.
         Hətta 48 voltluq daxili elektrik sisteminin istifadəsi belə ABŞ ordusu üçün Tesla Cybertruck-ın döyüşə yaxın şəraitdə öyrənilməsi üçün yetərli əsas sayılır. Pentaqon nümayəndələrinin fikrincə, ehtimal olunan düşmən bu cür pikaplardan istifadə edə bilər və buna görə də onların döyüş şəraitində davranışını öncədən poliqon şəraitində sınaqdan keçirmək məqsədəuyğundur. Cybertruck bazarda mövcud olan əksər avtomobillərdən bir çox göstəricilərinə görə fərqlənir və müasir döyüş şəraitində onun iştirakı ilə bağlı mümkün ssenariləri öyrənərkən bu nəqliyyat vasitəsini diqqətdən kənarda saxlamaq olmaz.
    Paylaş