Audi, Honda və Ferrari FIA-ya müraciət etdi
Technote.az “Ars Technica” platformasına istinadən bildirir ki, 2026-cı ildən Formula 1-də qüvvəyə minəcək yeni mühərrik qaydaları hələ trasda sınaqdan keçirilməmiş ciddi mübahisələr yaradıb. Yeni texniki reqlamentlər elektrik mühərrikinin rolunu kəskin artırmağı hədəfləsə də, bəzi boşluqların komandalar üçün böyük üstünlüklər yaratdığı iddia olunur.
Məsələnin mərkəzində mühərriklərin sıxılma əmsalı (compression ratio) dayanır. 2014–2025-ci illərdə bu göstərici 18:1 idi, 2026-cı ildən isə rəsmi olaraq 16:1-ə endirilib. Lakin qaydalarda ölçmələrin yalnız ambient temperaturda və statik vəziyyətdə aparılması qeyd olunur. İşlək mühərrik isə yüksək temperaturda olur və metallarda baş verən istilik genişlənməsi real sıxılma əmsalını faktiki olaraq artırır. Məhz bu texniki boşluq səbəbilə Mercedes və Red Bull Racing-in real yarış şəraitində əlavə təxminən 15 at gücü qazandığı iddia edilir. Bu üstünlük isə bir dövrədə saniyənin bir neçə onluğuna bərabər ola bilər. Bu səbəbdən Audi, Honda və Ferrari məsələ ilə bağlı rəsmi şikayət edərək FIA-dan izahat tələb ediblər.
FIA isə qaydaların açıq şəkildə pozulmadığını bildirərək belə açıqlama verib: sıxılma əmsalının ölçülməsi yalnız ambient temperaturda nəzərdə tutulub və yüksək temperaturda ölçmə mexanizmi reqlamentdə mövcud deyil. Bu isə o deməkdir ki, mümkün üstünlük 2026 mövsümü boyunca qüvvədə qala bilər. FIA eyni zamanda yanacaq sərfiyyatı ilə bağlı qaydalara da əlavə aydınlıq gətirib. Yeni dövrdə saatda 100 kq yanacaq limiti ləğv olunur və onun yerinə 3.000 MJ/saat enerji limiti tətbiq edilir. Yanacaq axın ölçən cihazlarla manipulyasiya ehtimallarının qarşısını almaq üçün FIA bildirib ki, yanacaq axınölçənin temperaturuna təsir edən istənilən sistem və ya üsul qadağandır.
Paylaş