
Chery pilotsuz uçuş avtomobilinin prototipini təqdim edib
Nəqliyyat
18.10.2024
Emil
Avtomobil istehsalçısı olan Chery Çində keçirtmiş olduğu fərdi konfrans çərçivəsində unikal nəqliyyat növünün prototipini təqdim edib. Söhbət, şaquli qalxış/eniş sisteminə sahib pilotsuz uçuş avtomobilindən gedir. Bu nəqliyyat növü havada uçmaqla yanaşı adi avtomobil yolunda da hərəkət edə bilir. Chery şirkətinin bu prototipi iki nəfər sərnişinin daşınması üçün nəzərdə tutulub. Onun daxilində sükan və pedallar mövcud deyil. Avtomobil pilotsuz uçuş ilə yerüstü avtonom hərəkət rejimləri arasında keçid edə bilir.
Nəqliyyat növü şəhər mühitində qısa məsafəli səyahətlərə istiqamətlənərək tıxaclar probleminin həlli üçün nəzərdə tutulub. Nəqliyyat növünün pilotsuz uçuşu reallaşdıran hissəsi avtomobildən ayrıla və daha sonra ona yenidən birləşə bilir. Bunun üçün xüsusi bərkidici nəzərdə tutulub. Uçuş hissəsi 1000 metr hündürlüyə qalxa və saatda 120 km sürət yığa bilir. Uçuş müddəti 40 dəqiqə təşkil edir. Chery-nin aparmış olduğu testlər çərçivəsində aparat artıq 80 km ərzində uça bilib. Bu nəqliyyat növünün nə zaman kütləvi şəkildə istehsal ediləcəyi barəsində məlumat verilməyib.



Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
