
Elektrikli yük maşını istehsalçısı Nikola müflisliyini elan edib
Nəqliyyat
19.02.2025
Emil
Elektrikli avtomobil istehsalçısı Nikola bu gün müflis olduğunu və aktivlərini satmaq niyyətində olduğunu elan edib. Beləliklə, çoxsaylı yüksəliş və enişlərlə, milyardlarla dollarlıq investisiyanın səmərəsiz xərclənməsi, dələduzluq ittihamları və ilk baş direktorunun həbs edilməsi ilə müşayiət olunmuş çətin bir hekayənin sonuna gəlinmiş kimi görünür. Nikola öz öhdəliklərini 1 milyarddan 10 milyard dollara qədər geniş bir diapazonda qiymətləndirir. Hazırda şirkətin 500 milyon ilə 1 milyard dollar arasında aktivləri mövcuddur. Məhkəmə qərarını gözləyərkən, Nikola aktivlərinin hərraca çıxarılmasını planlaşdırır. Şirkət, müflislik prosedurlarının maliyyələşdirilməsi və aktivlərin satışı üçün 47 milyon dollar vəsaitə sahib olduğunu açıqlayıb.

"Digər elektromobil şirkətləri kimi biz də bazar və makroiqtisadi amillərlə üzləşdik ki, bunlar fəaliyyət qabiliyyətimizə təsir etdi" - deyə Nikola şirkətinin prezidenti və baş icraçı direktoru Steve Girsky bildirib. "Son aylarda biz kapital cəlb etmək, öhdəliklərimizi azaltmaq, balansımızı təmizləmək və fəaliyyətimizi davam etdirmək üçün nağd vəsaiti qorumaq məqsədilə bir sıra addımlar atdıq. Təəssüf ki, bütün bu səylərimiz bu ciddi problemləri aradan qaldırmaq üçün yetərli olmadı". 2015-ci ildən etibarən Nikola şirkəti hidrogen yanacaq elementləri texnologiyasına əsaslanan sıfır emissiyalı yük maşınları ideyasını fəal şəkildə inkişaf etdirirdi.

Bu konsepsiya şirkətə əhəmiyyətli investisiyalar cəlb etməyə kömək etdi. Daha sonra elektrik yük maşınları da Nikola-nın maraq dairəsinə daxil oldu. 2020-ci ildə General Motors (GM), Nikola ilə birlikdə yük avtomobillərinin dizaynı və istehsalına dair ortaq planlarını elan etdi. Bunun müqabilində GM, Nikola şirkətinin 11%-lik səhmlərini əldə etməli idi. Lakin bir həftə keçməmiş, Hindenburg Research şirkəti Nikola-nı dələduzluqda ittiham edən sensasiyalı bir hesabat dərc etdi. Hesabatda şirkətin yük maşınının bir təpədən aşağı yuvarlanmasını əks etdirən görüntülər yer alırdı. Bu, sanki yük maşınının öz gücü ilə hərəkət etdiyi təəssüratını yaradırdı.

Bu hesabat zəncirvari reaksiya doğurdu və nəticədə Nikola-nın qurucusu Trevor Milton idarə heyətinin sədri və baş direktor vəzifəsindən istefa verdi, daha sonra isə həbs olundu. Bu qalmaqaldan sonra General Motors, Nikola ilə tərəfdaşlıqdan imtina etdi. Milton, həmçinin şirkətin hidrogen yanacağını bazar qiymətindən daha aşağı qiymətə istehsal etdiyi barədə yalan bəyanatlar verməkdə və Nikola-nın “milyardlar, milyardlar, milyardlar və milyardlarla” dollar dəyərində yük avtomobili sifarişi aldığını iddia etməkdə ittiham olunurdu. O, 4 il həbs cəzasına məhkum edildi.

Nikola 2020-ci ildə birja siyahısına daxil oldu və 1 il keçməmiş ilk yük avtomobillərini göndərməyə başladı. Şirkət 2024-cü ildə istehsal həcmini artırdı, lakin hər satılan yük maşınından yüz minlərlə dollar itirirdi. Ötən ilin üçüncü rübü etibarilə şirkət cəmi 600 avtomobil istehsal etmişdi. Lakin bunların çoxu texniki qüsurlara görə geri çağırıldı, bu da Nikola-nın on milyonlarla dollar zərərə düşməsinə səbəb oldu. Nikola, yüksək gözləntiləri doğrulda bilməyərək müflis olan ən son tanınmış elektromobil istehsalçısı oldu. Başqa uğursuzluğa düçar olan startaplar arasında Lordstown, Proterra və Fisker də var. Buna baxmayaraq, Çinin TuSimple şirkəti pilotsuz yük maşınları istehsal etməsinə baxmayaraq, müflisləşmədən yayına bildi. Şirkət vaxtında oyun texnologiyalarına keçid edərək fəaliyyətini davam etdirdi.
Mənbə: The Verge
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
