General Motors avtomobillər üçün öz süni intellekt köməkçisini təqdim etdi
“General Motors” 30 il əvvəl işə saldığı “OnStar” avtomobil bağlantısı xidmətini şəxsi süni intellekt (AI) köməkçisi ilə yeniləyir. “OnStar AI Assistant” yaxın aylarda 2027 model “Cadillac Lyriq EV”də debüt edəcək. Sistem daha sonra “GM”in digər avtomobillərinə də əlavə olunacaq. Köməkçi sürücü və sərnişinlərin seçimlərinə uyğunlaşacaq, ehtiyac yarandıqda əvvəlcədən dəstək göstərəcək.
Şirkət 2027-ci ildə “OnStar” üçün yeni mobil tətbiq də çıxaracaq. Avtomobilin proqramı ilə birlikdə işləyəcək bu tətbiq hazırkı “OnStar Guardian”ı əvəz edəcək. “Buick”, “Cadillac”, “Chevrolet” və “GMC” markalarının ayrıca tətbiqləri də ləğv olunacaq. Beləliklə, avtomobil funksiyalarını və xidmətləri bir tətbiqdən idarə etmək olacaq.
Süni intellekt köməkçisi səsli əmrlərlə iqlim sistemini və bəzi avtomobil funksiyalarını idarə edəcək. İstifadəçilər konkret funksiyanın necə işlədiyini də köməkçidən soruşa biləcəklər. Avtomobildəki kameralar canlı görüntü, qəza və təhlükəsizlik qeydləri üçün sistemə qoşulacaq. Təhlükəli hadisə ehtimalı yaranarsa, sistem kameranı avtomatik açıb görüntünü “OnStar” tətbiqinə yükləyə biləcək.
“GM” son illərdə “OnStar”a qəzanı aşkarlamaq, təcili yardım çağırmaq, məkanı paylaşmaq və səslə naviqasiyanı idarə etmək kimi funksiyalar əlavə edib. Şirkət əvvəllər bunlar üçün “Google Cloud”un “Dialogflow” sistemindən yararlanırdı. “Google Gemini”nin 2026-cı ildə avtomobillərə əlavə olunacağı da açıqlanmışdı. “OnStar AI Assistant” isə “GM”in özünün hazırladığı sistemdir. Bu dəyişiklik şirkətin 2030-cu il üçün 25 milyard dollarlıq (təxminən 42,5 milyard manat) abunəlik biznesi qurmaq planının bir hissəsidir.
Yenilik “GM”in avtomobil məlumatlarını başqa şirkətlərlə paylaşdığına görə tənqid və cərimələrlə üzləşməsindən sonra elan edilib. Şirkətin məlumatına görə, müştərilər hansı məlumatların paylaşılacağını özləri seçəcəklər. Kamera qeydləri şifrələnəcək və yalnız məhdud müddət saxlanacaq. “GM” və “OnStar”ın “Connected Camera” qeydlərinə çıxışı olmayacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...