Logo
    main-post-cover

    Hidrogenlə işləyən yük maşını tək yanacaqla 2905 kilometr yol qət edərək dünya rekordu qırıb!

    Nəqliyyat
    23.12.2024
    Farid

         Hidrogen yanacağı ilə işləyən bir yük maşını tam dolu yanacaqla 2905 km yol qət edərək Ginnesin Rekordlar Kitabına düşüb. Bu uğur hidrogenin ağır yük daşımalarında mühüm potensiala sahib olduğunu göstərir.

         Ağır yük daşımaları sektoru avtomobil sənayesinin karbon emissiyalarından azad edilməsində kritik əhəmiyyət kəsb edir. Yollarda gördüyümüz yük maşınları və tırlar, ümumi nəqliyyat vasitələrinin yalnız 2%-ni təşkil etsə də, Avropadakı daşınma emissiyalarının 28%-nin əsas səbəbi kimi önə çıxır. Bu problemin həlli üçün yaxın gələcəkdə 2 əsas texnologiyanın inkişafı gözlənilir. Bunlar batareya ilə işləyən elektrikli yük maşınları və hidrogen yanacağı ilə işləyən yük maşınlarıdır. Əvvəllər hidrogenin yaxın gələcək üçün ideal həll olacağı düşünülürdü, lakin son illərdə batareya texnologiyasındakı irəliləyişlər və azalan xərclər bu fikri dəyişdi.
         Lakin son zamanlarda hidrogenlə işləyən yük maşınlarının sınaqları bu texnologiyanın potensialını yenidən gündəmə gətirib. ABŞ-ın Accelera by Cummins şirkətinin hidrogen yanacağı ilə işləyən H2Rescue adlı yük maşını diqqət mərkəzinə çevrilməyi bacarıb. ABŞ Energetika Nazirliyi və müxtəlif federal qurumların dəstəyi ilə hazırlanan bu prototip, tam dolu bir hidrogen yanacağı ilə 2905 km yol qət edərək Ginnesin Rekordlar Kitabına düşüb. H2Rescue Kaliforniyadakı ictimai yollarda saatda 80-88 km sürətlə hərəkət edib. Test zamanı havanın temperaturunun 15-26 dərəcə arasında dəyişdiyi qeyd olunur. 250 kVt (340 at gücü) mühərrikə malik yük maşınının yanacaq çənində ümumilikdə 175 kiloqram hidrogen mövcud olub. Rekordu qırarkən bu yanacağın 168 kiloqramı istifadə olunub. Test müddətində bütün proses Ginnesin Rekordlar Kitabının hakimi tərəfindən yoxlanılaraq təsdiqlənib.
          Bütün bunlar atmosferə 1 qram belə karbon dioksid buraxılmadan həyata keçirilib. Əgər eyni məsafə dizel yük maşını ilə qət olunsaydı, atmosferə 301 kiloqram karbon dioksid buraxılacaqdı. Bu tip dizel yük maşınlarının ildə təxminən 6900 litr yanacaq sərf etdiyi və 2.5 metrik ton istixana qazı emissiyasına səbəb olduğu təxmin edilir. Prototip olaraq hazırlanmış H2Rescue 15 ton ağırlığa malikdir. O, fövqəladə hallar müdaxilələri, hərbi əməliyyatlar və ya ictimai xidmətlər üçün istifadəyə uyğun şəkildə dizayn edilib. H2Rescue-un bu rekordu qırması sektorun gələcəyi üçün ümidverici bir addım kimi qiymətləndirilir. Qeyd edilən inkişaflar hidrogen texnologiyasının daha geniş istifadə edilməsinə və sıfır emissiya hədəflərinə nail olunmasında mühüm rol oynaya bilər.
    Paylaş
    Bənzər xəbərlər