Honda ABŞ-də elektromobil satışlarını müvəqqəti dayandırır
Honda ABŞ bazarında yeganə tam elektrikli modeli olan Prologue-un satışlarını 2026 model ilinin sonunda dayandıracağını rəsmən təsdiqləyib. Şirkətin açıqlamasına görə, Honda Prologue 2026 model ilinin tamamlanmasından sonra satışdan çıxarılacaq. Bununla belə, avtomobili artıq alan müştərilər üçün diler şəbəkəsi vasitəsilə servis xidməti, ehtiyat hissələri və zəmanət dəstəyi davam edəcək.
Honda Prologue ilk dəfə 2021-ci ildə təqdim olunub, satışlarına isə 2024-cü ildə başlanılıb. Model General Motors (GM) ilə əməkdaşlıq çərçivəsində hazırlanmış və GM-in Ultium batareya platformasından istifadə etmişdi. Lakin GM 2024-cü ildə bu platformanın inkişafını dayandıraraq yeni batareya texnologiyalarına yönəldi. Bundan sonra Honda da diqqətini öz elektromobil platformasının hazırlanmasına ayırdı.
Şirkət 2025-ci ilin sonunda yeni nəsil elektromobil konseptlərini nümayiş etdirsə də, onların ABŞ bazarında satışa çıxarılıb-çıxarılmayacağı barədə konkret açıqlama verməmişdi. Mart ayında bir neçə elektromobil layihəsinin ləğv edilməsi isə Honda-nın ABŞ bazarında elektrikli avtomobil strategiyasını yenidən nəzərdən keçirdiyini göstərirdi. Məlumatlara görə, ABŞ-də federal elektromobil subsidiyalarının ləğv edilməsi Prologue-un bazardakı gələcəyinə təsir edən əsas amillərdən biri olub. Buna baxmayaraq, model satışlarının ilk tam ilində ABŞ-də ən çox satılan altıncı elektromobil olmağı bacarmışdı.
Paylaş