Məhkəmə Tesla-nı 243 milyon dollar ödəməyə məcbur etdi
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, 2019-cu ildə baş vermiş və Tesla-nın Autopilot sistemi ilə əlaqələndirilən ölümcül yol qəzası üzrə məhkəmə prosesi şirkət üçün ağır nəticə ilə davam edir. ABŞ-nin federal hakimi Beth Bloom ötən il çıxarılmış 243 milyon dollarlıq təzminat qərarını qüvvədə saxlayıb və Tesla-nın hökmün ləğvi ilə bağlı müraciətini rədd edib.
Qərara əsasən, münsiflər heyətinin 2025-ci ilin avqustunda verdiyi hökm kifayət qədər sübutlara əsaslanır və Tesla yeni hüquqi arqument təqdim edə bilməyib. Hakim Bloom bildirib ki, şirkətin qərarın dəyişdirilməsi üçün irəli sürdüyü əsaslar yetərli deyil. Hadisə 2019-cu ildə baş verib. Tesla şirkətinə məxsus Model S avtomobilini idarə edən Corc MakGi sükan arxasında olarkən yerə düşmüş telefonunu götürmək üçün əyilib. Həmin vaxt avtomobilin Tesla Autopilot funksiyası aktiv olub. Avtomobil yolun kənarında dayanmış SUV-a çırpılıb. Nəticədə Naibel Benavides Leon hadisə yerində həyatını itirib, Dillon Angulo isə ağır xəsarət alıb.
Məhkəmə Tesla-nı qismən məsul hesab edib və şirkətə həm kompensasiya, həm də cəza xarakterli təzminat ödəməyi tapşırıb. Tesla tərəfi isə daha əvvəl məsuliyyəti sürücünün üzərinə atmağa çalışaraq avtomobilin və Autopilot sisteminin qüsurlu olmadığını iddia etmişdi. Şirkət hələlik hakim qərarına rəsmi münasibət bildirməyib.
Paylaş