
Mercedes-Benz 2 elektromobilinin istehsalını dayandırır
Mercedes-Benz yeni təqdim olunmuş 2 elektromobil modelinin istehsalını dayandırmaq qərarına gəlib. Söhbət, EQE sedanı və EQE SUV-dan gedir. Alman avtomobil istehsalçısı elektrikləşmə strategiyasını yenidən nəzərdən keçirərək, nisbətən yeni olan bu 2 modelin buraxılışını vaxtından əvvəl dayandırır. Mercedes-Benz artıq gələn ildən EQE elektromobillərinin və onların off-road versiyası olan EQE SUV-un istehsalını dayandıracaq. Bu modellər cəmi bir neçə il əvvəl təqdim edilmişdi: sedan 2021-ci ildə Münhen avtosalonunda, krossover isə 1 il sonra nümayiş olunmuşdu. Qərar şirkətin elektrikləşmə strategiyasının daxili təftişi və model çeşidində təkrarlanmaların qarşısını almaq istəyi ilə bağlıdır.

Aşağı satışlar da bu qərara təsir edib. ABŞ-da EQE satışları ötən il 39% azalaraq cəmi 11 660 ədədə düşüb. EQE modelinin baza versiyasının qiyməti 65 000$-dan başlayır, AMG modifikasiyası isə 96.6 min dollar dəyərində qiymətləndirilir. Krossoverin AMG versiyası isə daha bahadır - 97.4 min dollar. Bununla belə, flaqman versiyaların yürüş məsafəsi 370 kilometrdən artıq deyil. Hər 2 modelin dolayı əvəzedicisi kimi gələcəkdə C-Class və GLC platformaları əsasında hazırlanacaq elektromobillər nəzərdə tutulur. Daha əvvəl şirkət EQE-nin axıcı formaları əvəzinə klassik üçhissəli dizayna malik E-Class elektrik avtomobilini də anons etmişdi, lakin bu layihənin taleyi hələ də qeyri-müəyyəndir.

Paylaş