Mercedes yeni EQS modelini təqdim etdi
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Mercedes-Benz elektrikli avtomobil bazarında iddiasını yenidən artırır. Şirkət yenilənmiş Mercedes-Benz EQS modelini təqdim edib və bu avtomobil həm texniki göstəriciləri, həm də məsafə ehtiyatı ilə diqqət çəkir. Yeni model 2026-cı ilin ikinci yarısından etibarən satışa çıxacaq. Ən diqqətçəkən yenilik avtomobilin bir enerji yığımı ilə təxminən 925 kilometr məsafə qət edə bilməsidir. Bu göstərici WLTP standartına əsasən hesablanıb və EQS-i dünyanın ən uzun mənzilli premium elektrik sedanlarından birinə çevirir. Belə yüksək nəticə yeni nəsil 122 kVt/saat batareya sayəsində mümkün olub.
Şarj imkanlarında da ciddi yenilənmə var. Mercedes bu modeldə 800 voltluq elektrik arxitekturasına keçid edib. Bunun nəticəsində avtomobil 350 kVt gücündə sürətli enerji doldurma dəstəyi alıb və cəmi 10 dəqiqəlik şarj ilə 320 kilometrə qədər məsafə qət etmək mümkün olacaq. Yeni EQS modelində Mercedes ilk dəfə steer-by-wire texnologiyasından istifadə edir. Bu sistemdə sükan ilə təkərlər arasında fiziki bağlantı olmur və idarəetmə tam elektron formada həyata keçirilir. Şirkətin bildirdiyinə görə bu texnologiya avtomobilin idarəetməsini daha rahat və çevik etməlidir. Bununla yanaşı, alıcılar istəsələr klassik dairəvi sükan variantını da seçə biləcəklər.
Dizayn baxımından avtomobil əvvəlki “blob” formasını qoruyub saxlayır. Mercedes bildirir ki, bu aerodinamik forma sayəsində avtomobil 0.20 sürtünmə əmsalı əldə edir və bu da enerji səmərəliliyini artırır. Əlavə olaraq regenerativ əyləc sistemi də gücləndirilib. Salon hissəsində isə standart olaraq 55 düymlük Hyperscreen ekran sistemi təqdim edilir. Yeni MB.OS əməliyyat sistemi süni intellekt dəstəyi ilə istifadəçinin vərdişlərini öyrənərək ən çox istifadə olunan funksiyaları ön plana çıxara bilir. Mercedes hələlik yeni EQS-in satış qiymətini açıqlamayıb. Lakin şirkət avtomobil üçün 100-dən çox fərqli rəng və fərdiləşdirmə seçimi təqdim edəcəyini bildirib.
Paylaş