Porsche yeni elektrikli Cayenne Coupe modelini təqdim etdi
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Porsche yeni elektrikli SUV modeli ilə performans standartlarını yenidən müəyyənləşdirməyə hazırlaşır. Şirkət məşhur Cayenne Coupe modelinin tam elektrik versiyasını təqdim edib və xüsusilə Turbo versiyası texniki göstəriciləri ilə diqqət çəkir.
Yeni Cayenne Coupe Electric dizayn baxımından klassik Cayenne Electric modelinə bənzəsə də, daha aerodinamik quruluşa malikdir. Arxa hissədəki daha yumru və aşağı salınmış dizayn (təxminən 1 düym daha alçaq) hava müqavimətini azaldaraq 0.23 drag əmsalına çatır. Bu isə həm sürət, həm də enerji səmərəliliyi baxımından mühüm üstünlükdür.
Model üç fərqli versiyada təqdim olunur: standart Cayenne Coue Electric, S versiyası və ən güclü Turbo versiyası. Hamısı 800 voltluq platforma üzərində qurulub və 400 kW-a qədər ultra sürətli şarjı dəstəkləyir. İdeal şəraitdə batareyanın 10 %-dən 80 %-ə qədər doldurulması cəmi 16 dəqiqə çəkir. 113 kWh batareya ilə avtomobil WLTP standartına görə 415 mil (təxminən 668 km), EPA standartına görə isə 350 mil (təxminən 563 km) məsafə qət edə bilir.
Ən diqqətçəkən versiya olan Cayenne Turbo Coupe Electric performans baxımından rekord göstəricilər təqdim edir. Bu model 857 at gücü (overboost rejimində 1,156 at gücü) hasil edir və 0-dan 60 mph (təxminən 0-dan 100 km/s) sürətə cəmi 2.5 saniyəyə çatır. Maksimum sürət isə 162 mph (260 km/s) səviyyəsindədir. Bu göstəricilər onu Porsche tarixində ən güclü modellərdən birinə çevirir.
Salon hissəsində isə texnologiya və komfort ön plandadır. Elektroxrom panoramik dam, geniş ekran sistemi, artırılmış reallıq (AR) HUD displey və fərdiləşdirilə bilən interfeys təqdim olunur. Kupe dizaynına görə arxa hissədə bir qədər az yer olsa da, avtomobil 4 nəfər üçün rahatlıq təmin edir və ön hissədə əlavə “frunk” baqaj bölməsi də mövcuddur. Qiymətlərə gəldikdə isə model $113,800-dan başlayır, S versiyası $131,200, Turbo versiyası isə $168,000 səviyyəsində təklif olunur.
Paylaş