Şişirdilmiş marketinq iddiası: Tesla ilə Kaliforniya arasında yeni mərhələ
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Tesla ilə California Department of Motor Vehicles (DMV) arasında mübahisə yenidən alovlanıb. Şirkət dövlət qurumunun qərarını ləğv etdirmək üçün məhkəməyə müraciət edib.
Kaliforniya DMV-si Tesla-nı avtomobillərinin avtonom idarəetmə imkanlarını şişirdilmiş formada təqdim etməkdə və istehlakçıları çaşdıran marketinq üsullarından istifadə etməkdə ittiham edib. Qurumun rəyinə görə, bu, ştat qanunvericiliyinin pozulması deməkdir.
Məsələ ötən həftə həll olunmuş kimi görünürdü. DMV bildirmişdi ki, Tesla qərara əməl etdiyi üçün şirkətin satış və istehsal lisenziyaları 30 gün müddətinə dayandırılmayacaq. Halbuki inzibati hakim DMV-nin lisenziyaların 30 günlük dayandırılması ilə bağlı tələbini əsaslı saymışdı.
Buna baxmayaraq, tənzimləyici orqan lisenziyaları dərhal ləğv etmək əvəzinə Tesla-ya 60 gün vaxt verib ki, qaydalara uyğunlaşsın.
Tesla isə qərara kifayət qədər radikal şəkildə reaksiya verib. Şirkət təkcə Kaliforniyada “Autopilot” terminindən imtina etməyib, 2026-cı ilin yanvarında ABŞ və Kanadada bu funksiyanı ümumiyyətlə dayandırıb. İndi isə məhkəmə iddiası fonunda belə görünür ki, Tesla həmin qərarından geri dönmək üçün hüquqi yol axtarır.
Paylaş