Logo
    main-post-cover

    Tesla “Autopilot”dan imtina etdi

         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Tesla Kaliforniyada satış və istehsal lisenziyalarının 30 gün müddətinə dayandırılması təhlükəsindən son anda xilas olub. California Department of Motor Vehicles (DMV) şirkətin “Autopilot” terminindən imtina etməsindən sonra sanksiyanı tətbiq etməmək qərarı verib.
        Qərar çərşənbə axşamı gec saatlarda açıqlanıb və bununla da təxminən üç ildir davam edən hüquqi proses rəsmi şəkildə bağlanıb. 2023-cü ilin noyabrında DMV Tesla-nı “Autopilot” və “Full Self-Driving” (FSD) sistemlərinin marketinqində istehlakçıları çaşdırmaqda ittiham etmişdi. Tənzimləyici qurum hesab edirdi ki, bu terminlər sürücülərə sistemlərin imkanları barədə yanlış təsəvvür yaradır.
        Tesla əvvəlcə “Full Self-Driving Capability” ifadəsini dəyişərək “Full Self-Driving (Supervised)” kimi təqdim etməyə başlamış və sürücünün nəzarətinin vacib olduğunu vurğulamışdı. Lakin şirkət “Autopilot” terminindən istifadəni davam etdirdiyi üçün iş inzibati hakimə göndərilmişdi. Dekabr ayında hakim DMV-nin 30 günlük lisenziya dayandırılması tələbi ilə razılaşsa da, qurum Tesla-ya uyğunlaşma üçün 60 gün vaxt vermişdi.
        DMV-nin açıqlamasına görə, Tesla artıq Kaliforniyada elektromobillərinin marketinqində “Autopilot” terminindən istifadə etmir və bununla da sanksiyadan yayınır.
    Paylaş