Tesla Cybercab daxili Starlink V5 antenası ilə təchiz olunacaq
Tesla gələcək avtonom taksisi Cybercab modelinin daxilinə inteqrasiya edilmiş SpaceX Starlink V5 peyk internet antenasını nümayiş etdirib. Şirkətin paylaşdığı kəsik görüntülərdə avtomobilin GPS, 5G LTE və Starlink bağlantısı ilə təchiz olunduğu görünür. Tesla bu texnologiyanı "gələcəyin avtonom nəqliyyatı üçün kosmosdan yüksək sürətli internet" kimi təqdim edir.
Şirkətin açıqlamasına görə, Cybercab-da istifadə ediləcək antena ötən həftə təqdim olunan Starlink V5 olacaq. Yeni nəsil antena əvvəlki modellərlə müqayisədə daha kiçik ölçüyə və aşağı enerji sərfiyyatına malikdir. Maksimum internet sürəti isə 375 Mbit/s-dən çox təşkil edir. Bu göstərici əvvəlki Starlink V4 modelindəki 400 Mbit/s-dən çox sürətdən bir qədər aşağıdır.
Maraqlıdır ki, Cybercab həm 5G mobil şəbəkəsini, həm də Starlink peyk internetini dəstəkləyəcək. İlk baxışda bu iki rabitə texnologiyasının birlikdə istifadəsi artıq görünə bilər, çünki Cybercab-ların fəaliyyət göstərməsi planlaşdırılan şəhərlərdə 5G infrastrukturu kifayət qədər geniş yayılıb. Bununla belə, Starlink bağlantısı avtonom taksi parkı üçün əlavə üstünlüklər təqdim edə bilər. Peyk interneti avtomobillər arasında məlumat mübadiləsini, naviqasiyanı, uzaqdan texniki dəstəyi və mobil şəbəkənin zəif olduğu ərazilərdə fasiləsiz əlaqəni təmin edə bilər. Bu yanaşma həm də Elon Musk-ın Tesla və SpaceX ekosistemlərini daha sıx inteqrasiya etmək strategiyasının növbəti addımı kimi qiymətləndirilir.
Paylaş