Tesla Cybercab-ı avqustda ictimai yollara çıxarmağı planlaşdırır
Tesla sürücüsüz taksi xidməti üçün xüsusi olaraq hazırladığı Cybercab avtomobilini ilk dəfə ictimai yollarda istifadəyə verməyə hazırlaşır. “The Information”ın məlumatına görə, şirkət Cybercab-ı avqustun sonuna qədər ABŞ-nin Ostin şəhərində yollara çıxarmağı planlaşdırır. İlk mərhələdə avtomobillər adi sərnişinləri deyil, Tesla əməkdaşlarını daşıyacaq. Şirkət əvvəlcə işçiləri Cybercab ilə ictimai yollarda daşıyaraq sistemi sınaqdan keçirmək, bir neçə gün sonra isə avtomobilləri Ostində fəaliyyət göstərən mövcud robotaksi xidmətinə əlavə etmək niyyətindədir. Cybercab Tesla-nın indiyə qədər robotaksi kimi istifadə etdiyi avtomobillərdən ciddi şəkildə fərqlənir. İki nəfərlik avtomobil sükan və pedallar olmadan hazırlanıb və insan tərəfindən idarə olunması nəzərdə tutulmayıb.
Tesla artıq bir müddətdir Cybercab-ı sınaqdan keçirir. Məlumata görə, iyul ayından avtomobillər şirkətin Ostindəki kampusu ətrafında əməkdaşları daşıyıb. İstehsal versiyasının ictimai yollardakı testləri isə iyun ayında başlayıb. Şirkət həmçinin fövqəladə vəziyyətlərdə Cybercab-la necə davranılacağını izah etmək üçün yerli yanğınsöndürmə, xilasetmə və polis əməkdaşlarına təlim keçib. Maraqlıdır ki, avtomobilin kütləvi istehsalına artıq başlanılıb. Tesla fevral ayından etibarən Texasdakı Gigafactory-də Cybercab istehsal edir və iyulda zavod ərazisində 100-dən çox belə avtomobilin olduğu bildirilirdi.
Başqa sözlə, Tesla hazırda insanların ənənəvi şəkildə idarə edə bilmədiyi və əksər ərazilərdə sərbəst istifadəsinə hələ icazə verilməyən avtomobili istehsal edir. Cybercab-ın geniş istifadəyə verilməsi buna görə də zavodun istehsal imkanlarından daha çox Tesla-nın avtonom idarəetmə sisteminin hazırlığından və tənzimləyici qurumların icazələrindən asılıdır. Tesla-nın məlumatına əsasən, şirkətin robotaksiləri indiyə qədər təxminən 380 min mil sürücüsüz məsafə qət edib. Müqayisə üçün, əsas rəqiblərdən Waymo-nun sərnişin daşıyan tam sürücüsüz avtomobillərinin göstəricisi artıq 220 milyon mili keçib.
Paylaş