Logo
    main-post-cover

    Tesla Cybertruck-ın daha kiçik versiyası hazırlanır

    Nəqliyyat
    30.07.2025
    Emil
         Bir neçə il əvvəl Tesla nümayəndələri dəfələrlə bildirmişdilər ki, hazırkı Cybertruck-dan ölçücə kiçik olan elektrikli pikapın istehsalını mümkün hesab edirlər. Şirkətin inkişaf üzrə rəhbəri yaxın zamanda belə elektromobillərin yükdaşıma ilə bağlı kommersiya seqmentində istifadə oluna biləcəyini bəyan edib. Məlumata görə, bu dəfəki açıqlama Tesla-nın nəqliyyat vasitələrinin inkişafı üzrə vitse-prezidenti Lars Moravy-nin dilindən səslənib. “Biz həmişə daha kompakt pikap hazırlamaqdan danışmışıq. Düşünürəm ki, gələcəkdə - dünya daha çox robotaksilərlə dolduqca - biz bu variantı nəzərdən keçirəcəyik. Biz inanırıq ki, bu cür xidmətlər təkcə insanlar üçün deyil, həm də yükdaşıma üçün faydalı ola bilər. Dizayn studiyamızda biz, həqiqətən də, gələcəkdə bu ehtiyaca cavab verə biləcək həllərimizi müzakirə edirik” - deyə Lars Moravy bildirib.
         Bununla belə, Tesla-nın vitse-prezidentinin sözlərindən aydın şəkildə başa düşülmür ki, daha kompakt pikap istehlak bazarına çıxarılacaq, yoxsa şirkət sadəcə biznes nümayəndələri üçün bir növ yük robotaksisi yaratmaq ideyasını nəzərdən keçirir. İndiyədək hesab olunurdu ki, daha kiçik pikap Tesla üçün Şimali Amerikadan kənardakı bazarlara çıxış baxımından vacib ola bilər. Çünki Cybertruck ilkin versiyasında təkcə iri və həcmsiz deyil, həm də yol-nəqliyyat hadisələri zamanı ətrafdakılar üçün təhlükəsizlik baxımından yetərincə risklidir. Bundan əlavə, qeyri-adi dizayna malik olan bu elektromobil hazırkı mərhələdə ildə 20 000-dən çox satılmır - bu isə planlaşdırılandan azı 10 dəfə aşağı göstəricidir.
    Paylaş