Logo
    main-post-cover

    Tesla FSD üçün genişmiqyaslı yeniləmə planı açıqladı

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Tesla şirkətinin son maliyyə hesabatı investorlar üçün böyük sürpriz yaratmasa da, təqdimat zamanı səsləndirilən bir açıqlama diqqət mərkəzinə düşüb. Şirkətin CEO-su Elon Musk bildirib ki, gələcəkdə təqdim olunacaq daha inkişaf etmiş Full Self-Driving (FSD) sistemi üçün milyonlarla Tesla avtomobilinə fiziki hardware yeniləməsi tələb olunacaq.
    Tesla's Full Self-Driving Blew Me Away. I Still Wouldn't Buy It
        Maliyyə göstəricilərinə gəlincə, Tesla-nın 1,4 milyard dollar sərbəst pul axını əldə etməsi səhmlərin qısa müddətli artımına səbəb olub. Gəlirlər isə analitiklərin proqnozları ilə ya uyğun gəlib, ya da cüzi şəkildə onları üstələyib. Lakin əsas müzakirə doğuran məsələ Tesla-nın avtonom idarəetmə texnologiyası ilə bağlı olub. Musk etiraf edib ki, xüsusilə 2019–2023-cü illər arasında satılmış “Hardware 3” sistemli avtomobillər gələcəkdə təqdim ediləcək, sürücüsüz işləyə bilən FSD versiyasını dəstəkləmək üçün kifayət deyil. Bu isə o deməkdir ki, həmin avtomobillərin sahibləri üçün genişmiqyaslı texniki yenilənmə qaçılmaz olacaq.
        Şirkət bu problemi həll etmək üçün qeyri-adi yanaşma planlaşdırır. Musk bildirib ki, Tesla müxtəlif iri şəhərlərdə “mikrofabriklər” quraraq milyonlarla avtomobili fiziki olaraq yeniləməli olacaq. Bu proses həm logistik, həm də maliyyə baxımından olduqca çətin və bahalı görünür. Məsələnin digər tərəfi isə hüquqi və maliyyə riskləridir. Uzun müddətdir Tesla istifadəçiləri şirkətdən açıq cavab gözləyirdi: mövcud avtomobillər gələcək FSD versiyasını işlədə biləcəkmi? İndi isə bu sualın cavabı faktiki olaraq “xeyr” kimi formalaşır.
        Bütün bunlar fonunda Tesla-nın bu il üçün kapital xərclərini 25 milyard dollara qədər artırması da diqqət çəkir. Analitiklər hesab edir ki, bu büdcənin bir hissəsi məhz bu genişmiqyaslı “hardware” yeniləmə layihəsinə yönələ bilər.
    Paylaş