Tesla Full Self-Driving üçün yeni tətbiq hazırlayır
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Tesla avtomobillərində istifadə olunan Full Self-Driving (FSD) sistemi üçün yeni tətbiq interfeysi təqdim etməyə hazırlaşır. Yenilənmə ilə birlikdə sürücülər artıq FSD funksiyasından nə qədər və necə istifadə etdiklərini daha detallı şəkildə izləyə biləcəklər.
Şirkətin açıqladığı məlumata görə, yeni tətbiqdə FSD istifadəsi ilə bağlı müxtəlif statistik göstəricilər yer alacaq. Bunlara sistemdən neçə gün ardıcıl istifadə edildiyini göstərən “streak” funksiyası, gündəlik istifadə qrafikləri və ümumi sürüş məlumatları daxildir. Bu yeniliklə Tesla, avtopilot funksiyasına oyunlaşdırılmış element əlavə edərək istifadəçilərin sistemi daha çox istifadə etməsini təşviq etməyi hədəfləyir.
Yeni interfeys həmçinin sürücülərə Full Self-Driving abunəliyini daha rahat aktivləşdirməyə imkan verəcək. Hazırda istifadəçilər FSD paketini avtomobilin ekranı və ya mobil tətbiq üzərindən bir neçə addım keçərək aktivləşdirirlərsə, yenilənmiş sistemdə bu proses “bir toxunuşla” mümkün olacaq. Lakin bu yenilik yalnız 2023-cü ilin yanvar ayından etibarən istehsal edilən və A14 çipi (FSD Hardware 4.0) ilə təchiz olunan Tesla modellərində işləyəcək. Qeyd edək ki, Tesla-nın Full Self-Driving sistemi tam avtonom idarəetmə texnologiyası hesab edilmir. Sistem sükan idarəsi, zolaq dəyişmə və parklanma kimi funksiyaları yerinə yetirsə də, sürücünün daim diqqətli olması və nəzarəti saxlaması tələb olunur.
Elon Musk şirkəti yalnız avtomobil istehsalçısı deyil, həm də süni intellekt və robototexnika lideri kimi mövqeləndirmək istəyir. Şirkətin uzunmüddətli planına əsasən, 2035-ci ilə qədər 10 milyon aktiv FSD abunəçisinə çatmaq əsas strateji hədəflərdən biri hesab olunur. Hazırda Full Self-Driving xidməti ABŞ, Kanada, Çin, Meksika, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya və Puerto Rikoda aktivdir. Bundan əlavə, Niderland tənzimləyicisi RDW də bu ay sistemin istifadəsinə rəsmi təsdiq verib.
Paylaş