Tesla “Hardware 3” sisteminin məhdudiyyətlərini rəsmi şəkildə təsdiqlədi
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Elon Musk milyonlarla Tesla istifadəçisinin avtomobillərini tam avtonom sürüş (Full Self-Driving) üçün yeniləməli olacağını etiraf edib.
Şirkətin son maliyyə hesabatı zamanı çıxış edən Musk bildirib ki, 2019–2023-cü illər arasında satılan və “Hardware 3” texnologiyası ilə təchiz olunmuş avtomobillər gələcəkdə insan müdaxiləsi tələb etməyən FSD sistemini işlədə bilməyəcək. Bunun üçün həmin avtomobillərə yeni kompüter və kameralar quraşdırılmalıdır.
Musk əlavə edib ki, bu qədər böyük miqyasda yeniləmə prosesi servis mərkəzləri üçün ciddi yük yaradacaq. Buna görə də Tesla “böyük şəhərlərdə mikro-zavodlar” qurmağı planlaşdırır ki, bu dəyişikliklər daha sürətli həyata keçirilsin.
Bu açıqlama illərlə avtomobillərinin sadəcə proqram yeniləməsi ilə tam avtonom olacağına inanan Tesla sahibləri üçün ciddi məyusluq yarada bilər. Eyni zamanda, bu vəziyyət şirkət üçün hüquqi problemlərə də səbəb ola bilər.
Maraqlıdır ki, Tesla rəhbərliyi daha əvvəl bu məsələ ilə bağlı ziddiyyətli açıqlamalar verib. Məsələn, şirkətin maliyyə direktoru Vaibhav Taneja 2025-ci ilin oktyabrında “Hardware 3” sistemindən tam imtina edilmədiyini demişdi. Buna baxmayaraq, Musk artıq açıq şəkildə bildirib: “Hardware 3 tam nəzarətsiz FSD üçün kifayət etmir.”
Paylaş