Tesla illərlə gecikən Roadster avtomobilini 1 oktyabrda göstərəcək
“Tesla” uzun müddətdir gözlənilən yeni nəsil “Roadster” modelini 1 oktyabrda təqdim edəcəyini açıqlayıb. Şirkət şənbə günü “X” sosial şəbəkəsində qısa paylaşım edərək avtomobilin göstərilməyə hazır olduğuna işarə edib. Paylaşımdakı qrafikdə 10.01 tarixi yazılıb və bunun təqdimat gününü göstərdiyi ehtimal olunur.
Qrafikdə avtomobil üçün vəd olunan soyuq qaz mühərriklərinə də işarə var. Elon Muskın rəhbərlik etdiyi “SpaceX” şirkətinin hazırladığı bu qurğular sıxılmış qazla əlavə itələmə yaradır. Daha əvvəl deyilirdi ki, əlavə seçim kimi satılacaq mühərriklər “Roadster” modelini müəyyən formada havaya qaldıra bilər.
“Tesla” yeni nəsil idman avtomobilini ilk dəfə 2017-ci ilin noyabrında elan edib, amma layihə dəfələrlə təxirə düşüb. Sam Altman rezervasiya üçün 50 000 dollar (85 000 manat) ödədikdən sonra 7,5 il gözlədiyini demişdi. Elon Musk da “OpenAI” şirkətinin baş direktoruna pulun geri qaytarıldığını açıqlamışdı. Son məlumatlara görə, 2017-ci ildə göstərilən versiyadan imtina olunub və avtomobil tamamilə yeni dizaynda hazırlanıb.
Avtomobilin göstərilməsi onun dərhal istehsala çıxacağı demək deyil. Elon Musk daha əvvəl etiraf edib ki, “Roadster” nümayişdən yalnız 12-18 ay sonra istehsala buraxılacaq. Buna görə 1 oktyabr tədbirində yeni dizayn və əsas xüsusiyyətlər göstərilsə də, müştərilər avtomobili almaq üçün bir müddət də gözləməli olacaqlar.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...