
Tesla-nın pilotsuz taksi xidmətinin bu ayın sonunda istifadəyə verilməsi planlaşdırılır
Nəqliyyat
11.06.2025
Emil
Adi bir izləyici üçün görünə bilər ki, Elon Musk sərvətini yerinə yetirilməyən vədlər üzərindən qazanıb. Lakin bu ay Tesla şirkətinin həyatında vacib bir hadisə baş verəcək. Texas ştatının paytaxtında Tesla markalı pilotsuz taksi xidməti istifadəyə veriləcək və dünən Elon Musk rəsmi startın 22 iyun tarixində planlaşdırıldığını açıqlayıb. Musk bu ilin əvvəlindən etibarən bu xidmətin iyun ayının sonuna qədər işə düşəcəyini bir neçə dəfə qeyd edib. Lakin konkret tarix göstərərkən Tesla rəhbəri öz sosial şəbəkəsi X-də “təxminən” sözündən istifadə edərək tarixin dəyişdirilə biləcəyini istisna etməyib.

O bunu belə izah edib: “Biz təhlükəsizlik məsələsinə həddindən artıq ehtiyatla yanaşırıq”. Bir istifadəçi xidmətin üçüncü şəxslər üçün nə vaxt əlçatan olacağını soruşduqda, Musk ilk müştərinin Tesla-nın Ostindəki müəssisəsindən evinə aparılmasının 28 iyun tarixində planlaşdırıldığını bildirib. Bu tarix Musk üçün rəmzi məna daşıyır, çünki həmin gün onun ad günüdür. Bu həftənin əvvəli Musk pilotsuz taksi xidmətinin test görüntülərini yayımladı.
Bu testlər sükan arxasında sürücü olmadan Model Y əsasında hazırlanan taksilərlə Ostin küçələrində aparılıb. Taksi prototipi xarici görünüşünə görə qara gövdə üzərində yazılmış “Robotaxi” yazısı ilə tanınır. Qısa videoda avtomobilin piyadalara yol verərək kəsişmədən keçdiyi göstərilirdi. Bundan əvvəl Musk bildirmişdi ki, ilkin mərhələdə Ostindəki pilotsuz taksi parkı 10 və ya 20 elektromobillə məhdudlaşacaq və bu elektromobilləri uzaqdan idarə edən operatorlar ehtiyat məqsədilə müşahidə edəcəklər. Xidmət yalnız əvvəlcədən öyrənilmiş və rəqəmsallaşdırılmış məhdud bir zonada təklif ediləcək.
Paylaş
Ən çox oxunanlar

iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb
