Tesla-nın qapı sistemi ABŞ-də yeni təhlükəsizlik qaydalarına səbəb ola bilər
ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) Tesla avtomobillərində istifadə olunan elektron qapı tutacaqları ilə bağlı daxil olan şikayətləri araşdırdıqdan sonra şirkətə qarşı ayrıca qüsur araşdırmasına başlamayacağını açıqlayıb. Bunun əvəzinə qurum bütün avtomobil istehsalçılarını əhatə edəcək yeni təhlükəsizlik standartlarının hazırlanmasının daha məqsədəuyğun olduğunu bildirib. NHTSA-nın yaydığı məlumata görə, gələcək qaydalar bütün yeni avtomobillərdə qəza və ya enerji kəsilməsi zamanı sərnişinlərin avtomobildən asan çıxmasına imkan verən, aydın görünən və etibarlı mexaniki qapı açma sisteminin olmasını məcburi edə bilər.
Mövzu son illərdə Tesla avtomobilləri ilə bağlı baş verən bir sıra faciəli hadisələrdən sonra yenidən gündəmə gəlib. Bildirilir ki, qəzadan sonra avtomobildə elektrik enerjisinin tam itməsi səbəbindən elektron qapı tutacaqları işləməyib və bəzi sərnişinlər avtomobildən çıxa bilməyərək həyatını itirib. Məlumatlara görə, bu kimi hadisələrdə ondan çox insan həlak olub. Bununla belə, yeni qaydaların yaxın zamanda qüvvəyə minməsi gözlənilmir. ABŞ-də normativ dəyişikliklərin hazırlanması adətən 2-5 il çəkir. Bu səbəbdən mümkün yeni tələblərin 2030-cu ildən tez tətbiq olunması ehtimalı aşağı qiymətləndirilir.
Paylaş
