Tesla-nın sürücüyə yardım sistemi İtaliyada ilkin icazə aldı
“Tesla”nın sürücüyə avtomobili idarə etməkdə kömək edən sistemi İtaliyada ilkin icazə alıb. Avropada “Tesla Assisted Driving” adlanan texnologiya əvvəllər “Full Self-Driving (Supervised)” kimi tanınırdı. İcazəni İtaliyanın İnfrastruktur və Nəqliyyat Nazirliyi verib. “Tesla” sistemi ölkədə tezliklə işə salacağını açıqlayıb.
“Tesla Europe” qərarı “X” hesabında təsdiqləyib və sistemin İtaliya yollarında işlədiyini göstərən görüntülər paylaşıb. Kadrlardan biri Romadakı Kolizeyin yaxınlığında çəkilib. İnfrastruktur və nəqliyyat naziri Matteo Salvini də qərarı “X” hesabında açıqlayıb. Onun sözlərinə görə, icazə vaxtında aparılan texniki yoxlamadan sonra verilib.
İtaliyanın qərarı “Tesla” üçün Avropada daha bir vacib mərhələdir. Ölkə Avropa İttifaqında ilin sonunadək gözlənilən səsvermədən əvvəl ilkin razılıq verib. Şirkət Almaniya və Fransa kimi böyük bazarların qərarını da gözləyir. “Tesla Assisted Driving” hazırda Fransada sınaqdan keçirilir.
Texnologiya Avropada ilk dəfə aprel ayında Niderlandın tənzimləyici qurumundan ilkin icazə alaraq işə salınıb. Daha sonra Danimarka, Belçika və Çexiya da oxşar addım atıb. İtaliyanın razılığı sistemin regionda daha geniş yayılmasına yol açır. Ancaq Avropa İttifaqı səviyyəsində əsas qərar hələ verilməyib.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...