Tesla rekord satış etsə də, 3,25 milyard dollarlıq pul itkisi gözlənilir
Tesla iyulun 22-də ABŞ bazarları bağlandıqdan sonra 2026-cı ilin ikinci rüb üzrə maliyyə nəticələrini açıqlayacaq. Bu dəfə investorların diqqət mərkəzində avtomobil satışları deyil, şirkətin süni intellekt və avtonom texnologiyalara yönəltdiyi nəhəng investisiyaların maliyyə yükü olacaq. Wall Street analitikləri hesab edirlər ki, Tesla ikinci rübdə təxminən 3,25 milyard dollar sərbəst pul axını (Free Cash Flow) itkisi açıqlayacaq. Bu, ilk rübdə qeydə alınan 1,4 milyard dollarlıq müsbət pul axınının əksinə olaraq, şirkətin xərclərinin gəlirlərini üstələdiyini göstərəcək.
Bunun əsas səbəbi Tesla-nın süni intellekt və robot texnologiyalarına rekord həcmdə sərmayə yatırmasıdır. Şirkət 2026-cı il üçün kapital xərcləri planını 20 milyard dollardan 25 milyard dollardan çox səviyyəyə yüksəldib. Bu məbləğin təxminən 20 milyard dolları Dojo superkompüteri, məlumat mərkəzləri, Cybercab robotaksisi və Optimus humanoid robot layihələrinə ayrılıb. Bununla yanaşı, Tesla avtomobil satışlarında rekord nəticə əldə edib. Şirkət ikinci rübdə 480 126 avtomobil təhvil verərək həm ötən ilin eyni dövrünü təxminən 25 %, həm də analitiklərin gözlədiyi 406 min avtomillik proqnozu geridə qoyub. Lakin bu artım əsasən daha münasib qiymətə təklif olunan Model 3 və Model Y versiyalarının hesabına baş verib. Həmin iki model ümumi satışların təxminən 97 %-ni təşkil edib. Nəticədə satış həcmi artsa da, avtomobil başına əldə olunan mənfəət azalıb.
Tesla rəhbərliyi daha əvvəl bildirmişdi ki, şirkət 2026-cı ilin qalan hissəsində də mənfi sərbəst pul axını ilə işləyəcək. Buna baxmayaraq, şirkətin balansında 40 milyard dollardan çox nağd vəsait qalır ki, bu da böyük investisiyaların maliyyələşdirilməsi üçün müəyyən vaxt qazandırır. Hazırda Tesla-nın robotaksi xidməti yalnız ABŞ-nin Ostin, Dallas və Hyuston şəhərlərində fəaliyyət göstərir və hələlik gəlirləri məhduddur. Analitiklər hesab edirlər ki, bu istiqamətin ciddi maliyyə nəticələri ən tez 2027-ci ildən etibarən görünə bilər. Optimus humanoid robot layihəsi isə hələ istehsalın ilkin genişlənmə mərhələsindədir və şirkətin gəlirlərinə demək olar ki, təsir göstərmir. Analitiklərin proqnozlarına əsasən, Tesla ikinci rübdə təxminən 27,6 milyard dollar gəlir, 19,5 % ümumi mənfəət marjası və səhm başına 0,55 dollar düzəliş edilmiş mənfəət açıqlayacaq.
Paylaş