Tesla satışları 2,1% azalsa da, analitiklərin proqnozunu üstələyib
“Tesla” bu ilin iyul-sentyabr aylarını əhatə edən 3-cü rübdə 486 532 avtomobil çatdırdığını açıqlayıb. Bu rəqəm ötən ilin eyni dövründə qeydə alınan 497 099 avtomobildən təxminən 2,1% azdır. Bununla belə, nəticə analitiklərin proqnozundan yüksək olub. “Tesla” avtomobillərini birbaşa alıcılara satdığı üçün çatdırılma sayı satış göstəricisi hesab olunur.
Şirkət həmin dövrdə 464 391 avtomobil istehsal edib. Bu, 2025-ci ilin 3-cü rübündəki 447 450 avtomobillə müqayisədə təxminən 3,8% artımdır. İstehsal olunan avtomobillərin 457 387-si “Model 3” və “Model Y” olub. Qalan 7 004 avtomobilə “Cybertruck”, “Cybercab” və “Semi” kimi modellər daxildir. “Model S” və “Model X” istehsalı bu ilin əvvəlində dayandırılıb.
Çatdırılan avtomobillərin 481 166-sı “Model 3” və “Model Y” olub. Digər modellərin sayı 8 295 göstərilib. Ancaq bu 2 rəqəmin cəmi ümumi çatdırılma göstəricisi ilə üst-üstə düşmür. Şirkətin topladığı analitik proqnozlarının ortalaması 3-cü rüb üçün 461 974 avtomobil idi. Əvvəlki rübdə satışlar illik müqayisədə 25% artmışdı.
Satışların ötən illə müqayisədə azalmasının əsas səbəbi 7 500 dollar (12 750 manat) məbləğində federal vergi güzəştinin başa çatmasıdır. Güzəşt 30 sentyabr 2025-ci ildə bitdiyinə görə alıcılar ötən ilin 3-cü rübündə avtomobil alışını sürətləndirmişdilər. Elon Musk daha əvvəl demişdi ki, vergi güzəştinin ləğvi və iqtisadi vəziyyət şirkət üçün bir neçə çətin rüblə nəticələnə bilər.
Elon Musk “Tesla”nın süni intellekt planları, robotaksilər və insanabənzər robotlar hesabına yenidən böyüyə biləcəyini düşünür. İyulda Ostində sükanı və pedalları olmayan “Cybercab” işə salınıb. Ancaq Muskın 2025-ci ilin sonunadək ABŞ əhalisinin 50%-nin “Tesla” robotaksilərindən yararlana biləcəyi barədə proqnozu gerçəkləşməyib.
“Tesla” üçün son dövrdə həm müsbət, həm də problemli hadisələr olub. “Semi” və “Cybercab” yenidən gündəmə gəlib, Avropadakı satışlar toparlanıb. Şirkətin ABŞ-nin elektrik avtomobili bazarındakı payı da artıb. Digər tərəfdən, yeni nəsil “Roadster”in göstərilməsinin gecikməsi və “Cybercab” təqdimatı ilə bağlı federal araşdırma şirkətə təzyiqi artırıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...