Logo
    main-post-cover

    Tesla sükan və pedalı olmayan Cybercab robotaksisini sınaqdan keçirməyə başlayıb

        Tesla ABŞ-nin Texas ştatında sükan və pedallarla təchiz olunmayan Cybercab robotaksisinin istehsal versiyasını sınaqdan keçirməyə başlayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə iki nəfərlik avtomobilin sərnişin oturacağında təhlükəsizlik nəzarətçisinin əyləşdiyi görünür.
    Elon Musk Launches the Robotaxi—Can Tesla's Cybercab Share the Road with  America's Myth of the Highway? | Scientific American
        Bu sınaqlar Tesla-nın Cybercab konseptini təqdim etməsindən təxminən iki il sonra baş verir. Şirkət həmin avtomobili tam avtonom robotaksi kimi hazırlayır və gələcəkdə istifadəçilər onu birbaşa Tesla tətbiqi üzərindən çağıraraq istifadə edə biləcəklər. Tesla artıq bir ilə yaxındır ki, Ostində modifikasiya edilmiş Model Y avtomobilləri ilə robotaksi xidmətini test edir. Son həftələrdə isə şirkət ABŞ-nin müxtəlif şəhərlərində sükan və pedallarla təchiz olunmuş Cybercab prototiplərini də sınaqdan keçirib. Bundan əlavə, yüzlərlə Cybercab avtomobilinin dayanacaqlarda görüntülənməsi Tesla-nın daha genişmiqyaslı robotaksi şəbəkəsinin istifadəyə verilməsinə hazırlaşdığı ilə bağlı iddiaları gücləndirib.
        Şirkətin qarşısındakı əsas maneələrdən biri də qanunvericiliklə bağlıdır. ABŞ-ın Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) yaxın günlərdə yalnız avtonom idarəetmə sistemləri üçün nəzərdə tutulan avtomobillərdə əyləc pedalının məcburi olmamasını təklif edib. Təklif hazırda ictimai müzakirə mərhələsindədir və ilin sonuna qədər qüvvəyə minəcəyi gözlənilir.
         Elon Musk hesab edir ki, Cybercab layihəsi ilə hazırkı robotaksi lideri olan Waymo-nu geridə qoya biləcəklər. Bunun əsas səbəbi kimi Tesla-nın həm avtomobili, həm də proqram təminatını özü hazırlaması göstərilir ki, bu da xərcləri azaltmağa imkan verir. Bundan əlavə, Tesla avtonom idarəetmə üçün yalnız kameralardan istifadə edir, Waymo isə lidar, radar və digər sensorlardan ibarət daha mürəkkəb sistemə üstünlük verir.
     
    Paylaş