
Trump-ın antielektromobil siyasəti yerli bazarda bu nəqliyyat növünün satışlarını artırıb
1 oktyabrdan etibarən ABŞ-da elektromobil alıcıları üçün 7500$-lıq vergi güzəşti qüvvədən düşəcək. Bir çox amerikalı isə “gedən qatarın son vaqonuna minmək” qərarına gəlib və nəticədə elektromobil satışları sürətlə artmağa başlayıb. Gözlənilir ki, avqust ayında onların ümumi avtomobil satışlarındakı payı 12.8%-ə çatacaq ki, bu da ötən illə müqayisədə 3.2% çoxdur. Bu, 2024-cü ilin dekabrındakı əvvəlki 11.2%-lik maksimumu üstələyən tarixi göstəricidir. ABŞ tarixində ilk dəfə olaraq elektromobilin orta qiyməti daxili yanma mühərrikli avtomobilin orta qiymətindən aşağı düşüb.

Səbəb isə odur ki, avtomobil istehsalçıları alıcıları elektromobilə cəlb etmək üçün öz güzəştlərini də təklif edirlər - endirimlərin məbləği 6700$-a qədər yüksəlib ki, bu da iyul ayındakından 1500$ çoxdur. Nəticədə elektromobilin orta alış qiyməti 2500$ azalaraq 44 300$-a enib, daxili yanma mühərrikli avtomobilin orta qiyməti isə 45 700 dollar təşkil edib. Avqust ayında diler mərkəzlərindəki yeni və işlənmiş elektromobillərin ümumi sayı 197 000 olub ki, bu da iyul ayındakından təxminən 10 000 ədəd azdır - proqnozlara görə, bu ehtiyat növbəti 59 günə kifayət edəcək.

Gələcəkdə avtomobil istehsalçılarının qəfil bahalaşan elektromobil ehtiyatlarını satmaq üçün endirimləri artırmasına ehtiyac ola bilər. Əksər ekspertlər ilin sonuna qədər elektromobil satışlarının azalacağını gözləyir, lakin daha əlçatan modellərin bazara çıxışı ilə bu bazarın federal dəstəyin olmamasına baxmayaraq bərpa olunacağı düşünülür. Ford, Tesla, Volkswagen və Toyota kimi böyük oyunçular elektromobillərin ucuzlaşdırılması üzrə ardıcıl siyasətlərini bəyan edirlər. Əhəmiyyətli məqam odur ki, batareyaların tutumu və etibarlılığı davamlı olaraq artır, yürüş məsafəsi genişlənir və şarj infrastrukturuna çıxış daha əlçatan olur.
Paylaş