Logo
    main-post-cover

    Uber Dubayda sürücüsüz robotaksiləri işə saldı

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Uber Yaxın Şərqdə robotaksi fəaliyyətini genişləndirir. Şirkət Çin mənşəli avtonom avtomobil texnologiyası istehsalçısı WeRide ilə birlikdə Dubayda sürücüsüz robotaksi xidmətini rəsmi olaraq istifadəyə verib. Yeni xidmət artıq Uber tətbiqi üzərindən sifariş edilə bilir və avtomobillər insan təhlükəsizlik sürücüsü olmadan fəaliyyət göstərir.
        Robotaksilər Dubay Silicon Oasis, Dubai Investment Park Second, Jabal Ali Industrial First kimi sənaye və kommersiya zonalarında, həmçinin şəhərətrafı ərazilərdə və Al Hamriya limanı ətrafında fəaliyyət göstərir. Xidmət BƏƏ-də yerli mobilite və park idarəetmə şirkəti olan Tawasul tərəfindən idarə olunur. Uber və WeRide robotaksiləri ilk dəfə 2024-cü ilin dekabr ayında Dubayda pilot proqram çərçivəsində istifadəyə vermişdi. Həmin vaxt xidmət ödənişsiz idi və avtomobillərdə təhlükəsizlik sürücüsü mövcud idi. Ötən ay isə Dubay Yol və Nəqliyyat İdarəsi şirkətlərə tam sürücüsüz nəqliyyat vasitələrinin sınağı üçün rəsmi icazə verib.
        Bu layihə Uber-in WeRide şirkətinə investisiyasının artması ilə eyni vaxta təsadüf edir. Uber hazırda WeRide şirkətinin 5.82 % səhminə sahibdir və bu payın dəyəri təxminən 400 milyon dollar qiymətləndirilir. Uber 2025-ci ilin may ayında WeRide-ə 100 milyon dollar investisiya yatıraraq robotaksi xidmətini növbəti 5 il ərzində daha 15 şəhərə genişləndirməyi planlaşdırdığını açıqlamışdı. Tərəfdaşlıq çərçivəsində Uber tətbiq, marşrutlaşdırma və müştəri şəbəkəsini idarə edir, WeRide isə avtonom idarəetmə texnologiyasına cavabdehdir. Bu model Uber-in ABŞ-də Waymo ilə əməkdaşlığına bənzəyir. Şirkətlər bildirir ki, məqsəd gələcəkdə sürücülü və sürücüsüz avtomobillərin paralel fəaliyyət göstərdiyi hibrid nəqliyyat sistemi yaratmaqdır.
    Paylaş