Uber qadınların təhlükəsizliyi üçün yeni funksiyanı geniş istifadəyə verdi
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Uber qadınların səfərlər zamanı özlərini daha təhlükəsiz hiss etməsi məqsədilə hazırladığı xüsusi funksiyanı daha geniş miqyasda istifadəyə verib. Şirkət qadın sürücü və qadın sərnişinlərin bir-biri ilə uyğunlaşdırılmasına kömək edən Women Preferences (Qadın seçimləri) funksiyasının artıq ölkə üzrə əlçatan olduğunu açıqlayıb. Bu xüsusiyyət əvvəllər bir neçə şəhərdə sınaqdan keçirilirdi.
Sözügedən funksiya ilk dəfə 2019-cu ildə Səudiyyə Ərəbistanında istifadəyə verilmiş, daha sonra isə dünyanın müxtəlif ölkələrində tətbiq olunmuşdu. İndi isə daha geniş istifadəçi bazasına təqdim edilir.
Funksiyadan istifadə olduqca sadədir. Qadın sərnişinlər səfər sifariş edərkən tətbiqdə “Qadın sürücü” seçimini görə biləcəklər. Bu seçim əvvəlcədən rezervasiya edilən səfərlər üçün də aktivdir. İstifadəçilər həmçinin tətbiqin ayarlar bölməsindən qadın sürücüyə üstünlük verdiklərini qeyd edə bilərlər. Bununla belə, uyğunlaşdırma mövcud sürücülərin sayından asılı olduğuna görə seçim hər zaman zəmanətli deyil.
Eyni imkan qadın sürücülər üçün də mövcuddur. Onlar ayarlar bölməsi vasitəsilə yalnız qadın sərnişinlərdən gələn sifarişlərə üstünlük verə biləcəklər. Qeyd edək ki, bu istiqamətdə addım atan tək şirkət Uber deyil. Digər ridesharing platforması Lyft də oxşar təhlükəsizlik funksiyasını genişləndirərək ölkə üzrə istifadəyə təqdim edib.
Paylaş