Xiaomi ağıllı qaraj konseptini gerçəyə çevirir
Xiaomi ev qarajları üçün nəzərdə tutulmuş yeni robot doldurma qolunu təqdim edib. Sistem sürücünün heç bir müdaxiləsi olmadan avtomobili avtomatik şəkildə enerji ilə doldurur və proses başa çatdıqdan sonra kabeli yenidən yerinə qaytarır. Cəmi 152 mm enə malik olan robot qol avtomobil qaraja daxil olduqdan sonra onun mövqeyini müəyyənləşdirir, AI əsaslı görüntü tanıma texnologiyası ilə enerji girişini tapır və kabeli yüksək dəqiqliklə qoşur. Batareya tam dolduqda və ya əvvəlcədən müəyyən edilmiş səviyyəyə çatdıqda isə kabel avtomatik ayrılır. Şirkətin məlumatına görə, istifadəçilər avtomobil robot qolunun fəaliyyət zonasındadırsa, smartfon vasitəsilə də uzaqdan doldurma prosesini başlada biləcəklər. Xiaomi məhsulu 2026-cı ilin dördüncü rübündə Çində satışa çıxarmağı planlaşdırır. Hazırda cihazın qiyməti açıqlanmayıb.
Maraqlıdır ki, oxşar ideyanı ilk dəfə 2014-cü ildə Tesla rəhbəri Elon Musk gündəmə gətirmişdi. Hətta 2015-ci ildə avtomatik qoşulan "metal ilan" formasında robot doldurma sistemi nümayiş etdirilsə də, layihə heç vaxt kommersiya məhsuluna çevrilmədi. Sonradan Tesla diqqətini simsiz enerji doldurma texnologiyalarına yönəltdi. Xiaomi isə mövcud enerji doldurma standartlarından istifadə edən daha praktik həll təklif edir. Robot qol şirkətin ağıllı ev və avtomatik parkinq ekosistemi ilə inteqrasiya olunub. Nəticədə avtomobil özü qaraja daxil olub park edir, robot onu enerji ilə təmin edir və bütün proses sürücünün iştirakı olmadan baş verir.
Paylaş