Logo
    main-post-cover

    Xiaomi YU7 820 km yürüş məsafəsini təmin edə biləcək

    Nəqliyyat
    18.02.2025
    Emil
         Xiaomi YU7 elektrik krossoverinin ilk xüsusiyyətləri Çinin tənzimləyici orqanının bazasında qeyd edildikdə, avtomobilin ölçüləri, çəkisi, maksimal sürəti və güc qurğusunun performansı haqqında məlumatlar mövcud idi. Lakin elektromobilin batareyasının tutumu və yürüş məsafəsi barədə detallar açıqlanmamışdı. İndi bu boşluqlar eyni mənbələr tərəfindən doldurulub. Məlumata görə həmin tənzimləyici orqanın məlumatlar bazasında XMA6500LBEVA1XMA6500LBEVR3 kod adlarına malik Xiaomi elektrik avtomobilləri qeyd edilib.
         Bunlar YU7 krossoverinin iki fərqli versiyasıdır. İkimühərrikli versiya və təkmühərrikli versiya. İkimühərrikli model CATL tərəfindən istehsal edilən 101.7 kilovat-saat tutumlu üç komponentli batareya ilə təchiz olunacaq. Bu batareya CLTC dövrü üzrə 670-760 km yürüş məsafəsi təmin edir. Elektromobilin ümumi çəkisi 2405 kq-a çatır, bunun 666 kq-ı isə yalnız batareyanın çəkisidir.
         Tək mühərrikli Xiaomi YU7 krossoveri BYD istehsalı olan 96.3 kilovat-saat tutumlu LFP (litium-dəmir-fosfat) batareyası ilə təchiz ediləcək. CLTC dövrünə əsasən, bu versiyanın batareyası ilə elektromobil 725-820 km məsafə qət edə bilər. Baxmayaraq ki, ön ötürücülü model ümumilikdə daha yüngüldür (2315 kq), onun batareyası daha ağırdır (719 kq). Bunun səbəbi fərqli kimyəvi tərkib və daha az enerji sıxlığıdır.
    - NMC (nikel-manqan-kobalt) batareyasının enerji sıxlığı 152.7 vat-saat/kq təşkil edir
    - LFP batareyasının enerji sıxlığı isə 134 vatt-saat/kq-dır.
         Elektromobilin tam ötürücülü versiyası 100 km məsafədə 13.38 kilovat-saat enerji sərf edir. Tək mühərrikli versiyanın enerji sərfiyyatı isə 11.74 kilovat-saat təşkil edir. Məhz bu daha aşağı istehlak CLTC dövrü üzrə 820 km yürüş məsafəsini təmin etməyə imkan verir. Bununla belə, real şəraitdə - yüksək sürətlə magistral yollarda və soyuq havada bu göstəricilər xeyli aşağı düşəcək. Xiaomi YU7 bu ilin iyun-iyul aylarında rəsmi olaraq satışa çıxarılmalıdır.
    Mənbə: Cnevpost
    Paylaş