Casuslar haqqında ciddi olmayan 'Kingsman: The Golden Circle' filmi (İCMAL)

23.09.2017 0 PAYLAŞIM 1047 OXUNMA

2014-cü ildə gizli təşkilatlar və onların casuslarına olan parodiya ilə müəyyən ciddiliyi özündə birləşdirən “Kingsman: The Secret Service” filmi çıxdı. Rejissor Matthew Vaughn öz işinin öhdəsindən mükəmməl gəlmişdi. Filmdə peşəkar aktyorlar, əla döyüş səhnələri və təqdirə laiq yumor var idi. Təbii ki, ikinci filmin çıxışı sadəcə olaraq vaxt məsələsi idi. Beləliklə bu ay Kingsman: The Golden Circle filmi təqdim olundu. Bütün müsbət cəhətlərinə baxmayaraq ikinci film, birincini keçməsə də ondan heç də geri qalmır.




Birinci film barəsində söhbət gedəndə, kilsədəki o möhtəşəm səhnə bəlkə də ağıla gələn ilk özəllikdir. Lakin “Kingsman: The Golden Circle”, həmin səhnənin səviyyəsindəki özəlliklərə sahib olmasa da, digər xüsusiyyətlər ilə izləyicini sevindirir. Lakin ilk öncə filmin süjet xəttindən qısa bir məlumat verim. Kingsman təşkilatı hansısa təhlükəli cinayətkarlar qruplaşması tərəfindən məhv edilir. Yerdə qalan Kingsman casusları isə Amerikaya yollanaraq öz təşkilatlarının oxşarı olan Statesman ilə qarşılaşırlar. Onların köməkliyi isə Eggsy və digərləri, təhlükəli cinayətkarların başında duran şəxsi aradan qaldırmağa çalışırlar.


Film, digər action filmləri kimi əyləncə parkını xatırladır. İzləyici daim yaxşı təşkil olunmuş müxtəlif döyüş səhnələrini izləyir. Ümumiyyətlə action səhnələr baxımından filmdə hər şey yaxşıdır. Hətta filmin başlanğıcı belə, bu cür səhnə ilə start götürür. Nəzərə alsaq ki, hər iki film, yumor hissi ilə dolu komikslər əsasında çəkilib, onda filmdən tamamilə ciddi bir baş mənfi obraz gözləməyə ehtiyac yoxdur. Lakin buna baxmayarq ikinci filmdə baş mənfi obrazı canlandırmış Julianne Moore (Poppy obrazı), birinci filmdəki Samuel L. Jackson-un canlandırdığı obraza uduzur.


Belə ki, Poppy obrazı nəinki komik, həmdə bir növ karikatura xarakteri daşıyır. Yəni əgər siz tamamilə ciddi motivləri olan bir mənfi personaj gözləyirsinizsə, onda əbəs yerə. Anlamaq lazımdır ki, bu ilk öncə komik casus filmidir. Eggsy (Taron Egerton) həmişəki kimi iddialı və dünyanı xilas etmək üçün əlindən gələni edən gənc casusdur. Yəni onun personajı, birinci filmdəki stabilliyini qoruyur və ona heç bir pritenziya yoxdur. Merlin (Mark Strong) obrazı ümumiyyətlə sevindirməyə bilməz. Mark Strong istənilən filmdə hətta ikinci dərəcəli rolu oynasa belə, öz xarizması ilə işin öhdəsindən mükəmməl şəkildə gəlir.


Bu dəfə isə təəccübləndirən Harry Hart (Colin Firth) obrazı oldu. Bu dəfə bu personajı bizə tamam fərqli istiqamətdən təqdim etdilər. Belə ki, onun olduğu demək olar ki, hər bir səhnə ciddi deyil, komikdir. Statesman, çox maraqlı ideyadır. Lakin bu təşkilatın özünə və casuslarına filmdə çox az zaman ayrılıb. Bu təşkilatın üzvü olan Whiskey-ə (Pedro Pascal) daha çox ekran zamanı ayrılıb. Bu aktyoru hamımız Game of Thrones serialındakı Oberyn Martell-dən tanıyırıq. Halle Berry, Channing TatumJeff Bridges isə ikinci dərəcəli rolları canlandırıblar. Təbii ki, filmdə hamıdan çox ən yadda qalan obraz, Elton John-un obrazı oldu. O, filmdə elə özünü oynayır. Onun hər bir səhnəsi gülməli və yadda qalandır.

Nəticə etibarilə qeyd etmək lazımdır ki, film, yaxşı yumor, action və döyüş səhnələrindən ibarətdir. Bu özəlliklərdən başqasını gözləməyə ehtiyac da yoxdur. Əslində burda dramaya yer yoxdur. Çünki bu, 007 haqqında çəkilmiş bir film deyil və burda casuslar, Britaniya kraliçasına xidmət etmirlər. Bu sadəcə olaraq möhtəşəm səhnələri olan və casuslardan bəhs edən bir filmdir.

Birinci filmdən olan bəzi özəlliklər, yeni filmdə olmasa da rejissor Matthew Vaughn, öz işinin öhdəsindən gələ bilib. Sadəcə olaraq bu filmə baxıb və ondan həzz almaq lazımdır. Doyunca güləcəyinizə zəmanət verilir. Və nəhayət filmi ParkCinema kinoteatrlar şəbəkəsində  baxa bilərsiniz. Lakin təbii ki, bu cür film üçün ən məsləhətlisi IMAX formatıdır. Bunun üçün isə ParkCinema IMAX-a müraciət etmək lazımdır. “Kingsman: The Golden Circle” filminin seansları haqqında məlumatları, ParkCinema-nın saytından əldə edə bilərsiniz.



<