E3 2018 Sony: The Last of Us Part 2, Death Stranding, Ghost of Tsushima, Nioh 2

12.06.2018 0 PAYLAŞIM 1267 OXUNMA

Beləliklə Sony şirkəti də E3 2018 sərgisi çərçivəsində öz konfransını keçirtdi. Əvvəlki illər ilə müqayisədə Sony şirkəti bu il zəif çıxış etsə də maraqlı oyunları ilə yadda qaldı. İndi isə konfransda təqdim olunmuş ən maraqlı oyunları sizinlə paylaşırıq.

The Last of Us Part 2:

    Sony şirkətinin konfransı çoxdan gözlənilən The Last of Us Part 2 oyununun ilk gameplay videosu ilə start götürdü. Videodan da görmək olar ki, yeni oyunda zorakılıq səviyyəsi yüksək səviyyədə olacaq. Oyun eksklüziv olaraq PS4 konsolu üçün hazırlanır və çox güman ki, gələn il satışa çıxacaq.


Resident Evil 2 Remake:

    Konfrans zamanı Capcom şirkəti Resident Evil 2 oyununun remake versiyasını təqdim etdi. Oyun demək olar ki, artıq hazırdır. Belə ki, o, 25 Yanvar 2019-cu il tarixində PC, PS4 və Xbox One üçün satışa çıxacaq.


Ghost of Tsushima:

    Keçən il Sony şirkətinin konfransında anons olunmuş Ghost of Tsushima oyununun bu ilki konfransda ilk gameplay videosu təqdim olundu. Oyun inFamous oyun seriyasının yaradıcısı Sucker Punch studiyası tərəfindən hazırlanır. Ghost of Tsushima-nın baş qəhrəmanı Jin adlı samuray olacaq. O, Tsushima adasını işğal altına alan Monqol ordusuna qarşı mübarizə aparacaq. Artıq videodan da görmək olar ki, oyun necə möhtəşəm qrafikaya və dizayn özəlliklərinə sahib olacaq. Oyun eksklüziv olaraq PS4 üçün hazırlanır və çox güman ki, gələn il satışa çıxacaq.


Death Stranding:

    Sonunda Hideo Kojima tərəfindən hazırlanın Death Stranding oyununun ilk gameplay videosu təqdim olundu. Videodan da görmək olar ki, oyunda həmçinin məşhur aktrisalar Lea SeydouxLindsey Wagner iştirak edirlər. Oyun haqqında olan əvvəlki videolar kimi yeni video da çoxlu sayda suallar yaradır. Oyun eksklüziv olaraq PS4 üçün hazırlanır. Onun nə zaman satışa çıxacağı barəsində isə heç bir məlumat yoxdur.


Nioh 2:

    Keçən il satışa çıxmış Nioh action samuray oyunu heç gözlənilmədən əsl məşhurluq qazandı və yaxşı satış göstəriciləri sərgilədi. Buna görə də Team Ninja studiyası heç uzatmadan Sony şirkətinin konfransı çərçivəsində Nioh 2 oyununu anons etdi. Oyun çox güman ki, eksklüziv olaraq PS4 üçün hazırlanır və gələn ildə satışa çıxması gözlənilir.


Marvel's Spider-Man:

    Sony şirkəti Spider-Man haqqında hazırlanan yeni oyunu da unutmadı və onun yeni gameplay videosunu təqdim etdi. Oyun Insomniac Games tərəfindən hazırlanır. Videodan da görmək olar ki, oyun çox əla bir şey olacaq. Marvel’s Spider-Man bu ilin 7 Sentyabr tarixində eksklüziv olaraq PS4 üçün satışa çıxacaq.


Control:

    Max Payne, Alan Wake Quantum Break kimi oyunların yaradıcısı olan Remedy studiyası Control adlı oyununu anons etdi. Yeni oyun tərzinə görə Quantum Break oyununa çox bənzəyir. Oyunun baş qəhrəmanı qadın personajı olacaq və o, qeyri-adi güclərə sahib olacaq. Oyun gələn il PS4, Xbox One və çox güman ki, PC üçün də satışa çıxacaq.