Grand Theft Auto VI-nın qeyri-rəsmi PC layihəsi Project Leonida bağlandı
“Grand Theft Auto VI” oyununu rəsmi kompüter versiyası çıxmamış “Windows”da işə salmaq üçün yaradılan “Project Leonida” bağlanıb. Oyunun yayımçısı “Take-Two” ABŞ-nin müəllif hüquqları qanununa (DMCA) əsaslanaraq layihənin silinməsini tələb edib. Layihənin “GitHub”dakı kod arxivi və bağlandığı vaxt təxminən 180 min üzvü olan “Discord” serveri artıq açılmır.
“Take-Two” əsas kod arxivi ilə yanaşı, həmin arxiv əsasında yaradılan 2900-dən çox layihə nüsxəsinin də silinməsini istəyib. Şirkət müraciətində layihənin müəllif hüquqlarını pozduğunu və oyunun icazəsiz yayılmasına yol açdığını bildirib. Layihəni hazırlayan 15 yaşlı NotRexed “Discord”dan 2 illiyə uzaqlaşdırıldığını təsdiqləyib və bu işi davam etdirməyəcəyini deyib.
“Project Leonida”nın məqsədi internetə sızan “Xbox” versiyasının kodunu “Windows”a uyğunlaşdırmaq idi. Layihə uğur qazansaydı, oyunu konsolun işini təqlid edən əlavə proqram olmadan açmaq olardı. Cyberleek ləqəbli şəxs konsol versiyasını layihə bağlanmazdan bir neçə gün əvvəl yayıb. Yayılan versiyanın tam olub-olmadığı barədə məlumatlar fərqlidir. Oyunu işə salmaq üçün çatışmayan fayl ayrıca 23 noyabrda yayılıb.
Bəzi layihələr oyunu kompüterdə aça bilib, amma bu, onun tam işlədiyi demək deyil. Cəhdləri izləyən “PortWatch VI”nın məlumatına görə, hazırda “VIctory” və onun əsasında hazırlanan variantlar irəlidədir. Digər qruplar “Xbox Series X” oyunlarını “Windows”da açmaq üçün hazırlanmış “XCL” proqramını sınayırlar. Kodu uyğunlaşdırmaq üçün “Claude” kimi süni intellekt alətlərindən də yararlanırlar.
Oyunun rəsmi kompüter versiyasının 2027-ci ilin əvvəlində çıxacağı gözlənilir. Oyun 19 noyabrda “PS5” və “Xbox Series X|S” üçün satışa çıxıb. İlk gün pərakəndə satışdan 3,79 milyard dollar (təxminən 6,443 milyard manat) gəlir əldə olunub. Satışa çıxmazdan əvvəl isə 32,5 milyon nüsxə satılıb. “Sony”nin açıqlamasına görə, eyni anda oyuna qoşulan oyunçuların sayı “PlayStation” rekordunu yeniləyib. Oyunçular 23 noyabradək oyunda ümumilikdə 683 milyon saat keçiriblər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...