
Apple bu il öz əməliyyat sistemlərində irimiqyaslı dizayn dəyişikliyini reallaşdıracaq
Proqram Təminatı
11.03.2025
Emil
Apple tarixində ən böyük proqram təminatı yeniləmələrindən birini hazırlayır. Bu addım iPhone, iPad və Mac interfeysini yeni nəsil istifadəçilər üçün dəyişdirməyə yönəlib. Bloomberg-in etibarlı mənbələrinə istinadən verdiyi məlumata görə, Apple ilin sonunda böyük bir yeniləmə təqdim edəcək. Bu yeniləmə şirkətin əməliyyat sistemlərinin görünüşünü əsaslı şəkildə dəyişəcək və onların interfeysini bir-biri ilə daha uyğun hala gətirəcək. İkonların, menyuların, tətbiq dizaynlarının, pəncərələrin və sistem düymələrinin üslubu yenilənəcək. Apple bu dəyişikliklə cihazların idarə edilməsini və naviqasiyanı daha da sadələşdirmək istəyir. Mənbələr bildiriblər ki, gələcək dəyişikliklər əsasən Apple Vision Pro qarışıq reallıq cihazı üçün hazırlanmış proqram dizaynından ilham alıb.

Apple yeni interfeysin cihazlara olan tələbatı artıracağına ümid edir. Şirkətin gəlirləri son dövrlərdə yavaşlayıb. Bunun əsas səbəbi pandemiya dövründəki yüksək istehlak xərclərindən sonra bazarda tələbatın azalmasıdır. Gəlirləri artırmaq üçün Apple yeni proqram platformalarına güvənir. Bu yeniliklərə iOS 19 və iPadOS 19, həmçinin macOS 16 daxildir. Mac üçün bu, 2020-ci ildə təqdim edilmiş macOS Big Sur-dan bəri ən böyük dəyişiklik olacaq. iPhone üçün isə 2013-cü ildəki iOS 7-dən bəri ən böyük yeniləmə gözlənilir. Apple yeniliklər haqqında daha ətraflı məlumatı iyun ayında keçiriləcək illik WWDC 2025 konfransında paylaşacaq.

Bu yeniləmələr həmçinin Apple-ın süni zəka texnologiyaları ilə bağlı yaşadığı çətinliklərdən istifadəçilərin diqqətini yayındırmağa kömək edə bilər. Ötən həftə Apple, süni zəka əsaslı yeni Siri versiyasının buraxılışını qeyri-müəyyən müddətə təxirə saldı. Apple-ın qarşıdakı yeniləmələrdə əsas məqsədi bütün əməliyyat sistemlərini daha oxşar və vahid hala gətirməkdir. Hazırda macOS, iOS və visionOS arasında ikonlar və pəncərə üslubları xeyli fərqlənir. Bu, istifadəçilər Apple cihazları arasında keçid etdikdə qarışıqlığa və mənfi təcrübəyə səbəb ola bilər. Şirkət bütün əməliyyat sistemlərini birləşdirmək niyyətində deyil. Mac və iPad üçün ayrıca əməliyyat sistemlərinin qorunub saxlanması hədəflənir. Bunun əsas səbəbi - Apple-ın istifadəçiləri tək bir cihaz deyil, bir neçə cihaz almağa təşviq etmək strategiyasıdır.
Mənbə: Bloomberg
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
