
Apple yeni reklam çarxında Windows-un “mavi ölüm ekranı”nı ələ salıb (VİDEO)
Proqram Təminatı
08.10.2025
Emil
Apple yeni bir reklam kampaniyasına başlayıb və bu kampaniyada açıq şəkildə Windows əsaslı kompüterləri ələ salır. 8 dəqiqəlik reklam çarxının mərkəzində bir çoxlarına tanış olan “mavi ölüm ekranı” (BSOD) dayanır - o, istifadəçi vacib bir işlə məşğul olarkən ekranda peyda olur. Sistem donur və fonda belə bir cümlə səslənir. “Əgər kompüteriniz vacib bir işin ortasında donursa, bəlkə də artıq Mac sınamağın vaxtıdır”. Bu reklam şirkətin daha geniş strategiyasının bir hissəsidir - Windows istifadəçilərini, xüsusilə biznes seqmentində olanları inandırmaq ki, Apple Silicon (M-seriyası) çipləri ilə təchiz olunmuş Mac müasir bir platformadır və yüksək məhsuldarlıq, enerji səmərəliliyi və sabitlik təmin edir. Apple vurğulayır ki, onun cihazları BSOD kimi kritik nasazlıqlara məruz qalmır və fasiləsiz iş üçün daha münasibdir. Mavi ölüm ekranı (Blue Screen of Death, qısaca BSOD) - bu, Windows sistemində kritik sistem xətası barədə standart bildirişdir.
O, Windows-un ilk versiyası ilə birlikdə meydana çıxıb. İlk Windows versiyaları əslində DOS üzərində işlədiklərindən, bu ekran da sistemin gözlədiyindən daha yeni bir DOS versiyası aşkar edildikdə peyda olurdu. İşçi versiyalarda belə hallarda Windows problemi izah edən mətn mesajı göstərirdi. Lakin rəsmi relizdən əvvəl bu mətn faylı texniki sənədlərlə və şərhlərlə birlikdə səhvən silindiyi üçün sistem mavi fon üzərində anlaşılmaz simvollar çıxarmağa başladı - bu da vəziyyəti daha qorxunc göstərirdi. BSOD sistem nüvəsində və ya əsas drayverlərdə baş verən kritik xətalar zamanı görünürdü. Buna görə də o, videokart drayverlərinin normal işləməsinə güvənmədən məlumatı göstərməli idi. Məhz bu səbəbdən onun görünüşü DOS-dakı kimi mavi fon üzərində sadə mətn sətiri şəklində idi.

Yəqin ki, ən məşhur BSOD hadisəsi Windows 98 təqdimatı zamanı baş verib - sistem birbaşa təqdimat əsnasında, Bill Gates-in iştirakı ilə çökmüşdü. Tamaşaçılar bu vəziyyəti alqışlarla qarşılasa da, sonda üzr istənildi və izah edildi ki, bu, hələ üzərində iş aparılan sınaq versiyasıdır. Bununla belə, zaman keçdikcə Microsoft bu mavi ekrandan getdikcə daha çox utanmağa başladı. Şirkət tədricən xətalar haqqında mətn izahlarını silməyə, sonra isə ekranın üzərinə sadəcə bir smaýlik və QR-kod əlavə etməyə başladı (amma bu kod da əsasən ətraflı məlumat təqdim etmirdi). Windows 11-də isə ekranın rəngi tamamilə qara ilə əvəz olundu. Hazırda bu ekran hələ də mövcuddur, lakin şirkət onu faydalı diaqnostika alətindən mənasız bir qalığa çevirməyə çalışır.

Bununla belə, bu tendensiya müasir dövrün ruhuna tam uyğundur - əgər 90-cı illərdə kompüterlərlə əsasən texniki biliklərə malik insanlar məşğul olur və internet olmadan xətaları özləri aradan qaldırırdılarsa, indi nasazlıq zamanı kompüter sadəcə utilizasiya mərkəzinə aparılır, istifadəçi isə şəxsi məlumatlarını buluddan yeni kompüterə yükləyir. Əlbəttə, bu, “ideal dünyada” belədir. Çünki macOS əməliyyat sistemi də səhv edə bilən insanlar tərəfindən yazılır, o da bəzən sistemi işə salmağa mane olan kritik xətalara məruz qala bilər. macOS-da bu hal “kernel panic” adlanır, lakin sistem ətraflı məlumat göstərmir, buna görə də bu vəziyyət istifadəçi üçün o qədər də qorxulu görünmür.
Paylaş