Logo
    Canva Affinity dizayn tətbiqinin pulsuz iPad versiyasını təqdim etdi

    Canva Affinity dizayn tətbiqinin pulsuz iPad versiyasını təqdim etdi

        “Canva” fərdi istifadəçilər üçün pulsuz “Affinity for iPad” tətbiqini 2 noyabrda çıxarıb. Tətbiq eskiz çəkmək, vektor qrafikası hazırlamaq, fotoları redaktə etmək və səhifələri tərtib etmək üçün bütün əsas alətləri bir yerdə birləşdirir. O, ayrıca yayımlanan “Affinity Photo”, “Affinity Publisher” və “Affinity Designer” tətbiqlərini əvəz edir. Masaüstü versiya son 1 ildə 7 milyondan çox qeydiyyat toplayıb.
    Canva Affinity dizayn tətbiqinin pulsuz iPad versiyasını təqdim etdi
        Tətbiq toxunma ekranına və “Apple Pencil” qələminə uyğun hazırlanıb. Eskiz bölməsində sərbəst rəsm çəkmək, kobud cizgiləri daha səliqəli həndəsi formalara çevirmək və maskalar hazırlamaq olur. Vektor alətləri loqo və ikonları dəqiq nöqtə və əyrilərlə qurmağa kömək edir. “Apple Pencil Pro”nun təzyiqi və əyilməni tanıması, fırlatma, sıxma, ekrana toxunmadan idarəetmə və təbii jest funksiyaları da işləyir.
        Foto bölməsində RAW formatlı şəkilləri emal etmək, obyektləri ağıllı şəkildə seçmək, fotoları retuş etmək və mürəkkəb kompozisiyalar hazırlamaq olur. Maska aləti saç, xəz və yarpaq kimi seçilməsi çətin kənarları qələmin hərəkətinə uyğun müəyyənləşdirir. Edilən dəyişiklikləri sonradan geri qaytarmaq da olur. Tərtibat bölməsi çoxsəhifəli jurnal, foto kitab və kataloq hazırlamaq üçündür. Mətn və şəkilləri müxtəlif səhifələrdə yerləşdirmək, sonra layihəni çapa hazır fayl kimi çıxarmaq olar.
        Bütün işlər eyni “.af” faylında saxlanır. Beləliklə, materialları ayrıca ixrac etməyə və ya başqa formata çevirməyə ehtiyac azalır. Tətbiq əsas dizayn fayl formatlarını da açır. “AI Studio” süni intellektlə şəklin fonunu genişləndirir, hərəkət bulanıqlığı əlavə edir, görüntüdəki küyü azaldır və ölçünü böyüdür. “Decompose Layer” funksiyası tək qatdan ibarət təsviri ayrıca qatlara bölür və onların hər birini sonradan redaktə etmək olur.
        Əsas eskiz, vektor, foto və tərtibat alətləri fərdi istifadəçilər üçün tam pulsuzdur. Tətbiqi “App Store”dan yükləmək olar, amma giriş üçün pulsuz “Canva” hesabı lazımdır. Süni intellekt alətlərindən istifadə istəyə bağlıdır. Bu funksiyaların daxil olduğu “Canva Pro” abunəliyi ayda 18 dollardan (təxminən 31 manat) başlayır. “Canva” 2024-cü ildə “Serif” şirkətini aldıqdan sonra istifadəçiləri ödənişli abunəliyə keçməyə məcbur etməyəcəyini deyib.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...