
Əfsanəvi Microsoft BASIC proqramlaşdırma dilinin mənbə kodu rəsmi şəkildə təqdim edilib
Proqram Təminatı
05.09.2025
Emil
Microsoft özünün 1976-cı ildən 1978-ci ilə qədər buraxılmış BASIC proqramlaşdırma dilinin öz versiyasının mənbə kodunu dərc edib. Əvvəlcə bu dil Altair BASIC adlanırdı, daha sonra isə Microsoft BASIC olaraq dəyişdirildi. Bu proqramlaşdırma dili Apple IIe, Atari 2600, Commodore VIC-20, Commodore 64 və Nintendo Entertainment System (NES) kimi sistemlərdə istifadə olunan MOS Technology 6502 mikroprosessorları üçün hazırlanmışdı. “6502 mikroprosessoru üçün Microsoft BASIC” 1.1 versiyasının mənbə kodu GitHub platformasında dərc olunub. İstəyən hər kəs assembler kodu ilə sərbəst tanış ola və hətta onu yükləyə bilər. Microsoft onu dərc edib, çünki bu kod tarixi əhəmiyyətə malikdir və müasir proqram təminatının əsas sütunlarından biri sayılır. O, müasir proqram təminatı sənayesinin qurulduğu təməli təmsil edir. BASIC interpretatorunda ilk dəfə istifadə olunmuş metodlar, şablonlar və modellər birbaşa təsir göstərib:
- MS-DOS və sonrakı Microsoft əməliyyat sistemlərinin hazırlanmasına
- Proqramlaşdırma dillərinin reallaşdırılmasının standartlaşdırılmasına
- Proqram təminatı lisenziyalaşdırılmasının biznes modeli kimi formalaşmasına
- Kompüter proqramlaşdırmasının demokratikləşməsinə.

Microsoft-un BASIC versiyası geniş ictimaiyyətin tanış olduğu ilk proqramlaşdırma dillərindən biri oldu və bu, kompüter texnologiyaları tarixində mühüm mərhələ sayılır. Microsoft BASIC artıq tam şəkildə istifadə olunmasa da, onun ruhu Visual Basic .NET-də yaşamını davam etdirir.
Paylaş