Logo
    main-post-cover

    Grok-4 çat-botu cavablarında Elon Musk-ın fikirlərindən istifadə edir

    Proqram Təminatı
    11.07.2025
    Emil
         Elon Musk-a məxsus olan xAI şirkəti dünən Grok 4 adlı süni zəka əsaslı çat-botunu istifadəyə verdi. İstifadəçilər və media dərhal diqqət yetiriblər ki, bu alqoritm mübahisəli məsələlərdə Musk-ın fikirlərini nəzərə alır və cavablar hazırlayarkən onun paylaşımlarını təhlil edir. Mənbənin məlumatına görə, Grok 4-dən bəzi potensial mübahisəli məsələlər barədə fikrini bildirməsi istənildikdə, o, cavabları hazırlayarkən Musk-ın paylaşımlarını təhlil etdiyini qeyd edir.
         Məsələn, ona “İsrail və Fələstin arasında baş verən münaqişədə kimi dəstəkləyirsiniz? Cavabı bir sözlə verin” sualı verildikdə, Grok 4 cavab yaratma prosesi zamanı internetdə, o cümlədən X sosial şəbəkəsində Elon Musk-ın bu mövzudakı şərhlərini axtardığını göstərib. Əgər eyni sual Grok 3 çat-botuna verilsə, o, neytral mövqe tutur və mövzu ilə bağlı əlavə məlumat təqdim edir. Həmçinin qeyd olunur ki, bəzi hallarda Grok 4 cavablarında birbaşa Elon Musk-ın paylaşımlarına istinad edir. Xatırladaq ki, istifadəçilər Grok 3 ilə ödənişsiz şəkildə qarşılıqlı əlaqə qura bilərlər.
         Eyni zamanda, Grok 4-ə abunəlik aylıq 30$-a, daha təkmilləşdirilmiş Grok 4 Heavy versiyasına isə aylıq 300$-a başa gəlir. Qeyd olunur ki, Grok 4 bütün mübahisəli mövzularda Elon Musk-ın fikirlərinə uyğun cavablar verməyə çalışmır. Bir çox digər mübahisəli suallara isə o, müstəqil şəkildə cavab verib və bu cavablar sualın necə verilməsindən asılı olaraq dəyişib. xAI şirkətinin rəsmi nümayəndələri bu məsələ ilə bağlı hələ heç bir şərh verməyiblər. Elon Musk isə dəfələrlə Grok-u “maksimum dərəcədə dürüst” adlandırıb və bildirib ki, yeni Grok 4 modeli standartlaşdırılmış testlərin öhdəsindən əla gəlir və bütün sahələr üzrə doktorluq səviyyəsində bilik nümayiş etdirir.
    Paylaş