
Instagram, CapCut-ın Edits adlı rəqibini anons edib
Proqram Təminatı
21.01.2025
Emil
Instagram-ın rəhbəri Adam Mosseri videoların redaktəsi üçün nəzərdə tutulmuş yeni tətbiqi anons edib. İstifadəyə veriləcək yeni tətbiq Edits adlanır. Mosseri bildirib ki, bu yeni tətbiq kontent yaradıcıları arasında çox məşhur olan CapCut tətbiqinin rəqibi olacaq. Qeyd etmək lazımdır ki, 19 yanvar tarixində TikTok rəsmi şəkildə ABŞ-da fəaliyyətini dayandırmazdan qısa müddət öncə onun tətbiqi App Store və Google Play-dən silindi. Lakin onunla yanaşı bu tətbiq mağazalarından ByteDance şirkətinə məxsus digər tətbiqlər də aradan qaldırıldı.
Onların arasında CapCut da var idi. Görünür, Meta şirkəti bu imkandan faydalanmaq qərarına gəlib. Mosseri bildirib ki, Edits tətbiqi videoların redaktəsi üçün nəzərdə tutulmuş tətbiqdən daha artığı olacaq. Onun sözlərinə əsasən tətbiqdə videoların redaktəsinə istiqamətlənmiş çoxlu sayda lazımi alət mövcud olacaq. İstifadəçilər bu tətbiq vasitəsilə ağıllarına gələcək maraqlı ideyaları digərləri ilə də bölüşə biləcəklər. Mosseri qeyd edib ki, Meta şirkəti bu tətbiq üzərində artıq bir neçə aydır çalışır. Tətbiqin mart ayında istifadəyə veriləcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
