iOS 27-də 1 nömrə 2 iPhone-da işləyəcək, amma operator dəstəyi şərtdir
Proqram Təminatı
06.09.2026
“Apple”-ın “iOS 27” üçün hazırladığı “iPhone Handoff” funksiyası eyni telefon nömrəsindən 2 “iPhone”da istifadə etməyə imkan verəcək. Bununla istifadəçi nömrəni dəyişmədən əsas və əlavə telefon arasında keçid edə biləcək. Yeniliyin “iOS 27” ilə birlikdə sentyabrın sonlarında istifadəyə verilməsi gözlənilir.
“Apple” bu funksiyanı iyunda keçirilən WWDC təqdimatında qısa şəkildə qeyd etsə də, onun necə işləyəcəyini açıqlamamışdı. İndi yayılan demo görüntüsündə quraşdırma prosesi “Xcode 27”-nin “Device Hub” bölməsində göstərilib. Sistem 2 “iPhone”u bir-birinə bağlayır. Cihazlardan 1-i əsas, digəri isə əlavə telefon kimi işləyir.
“iPhone Handoff” yaxın zamanda təqdim ediləcəyi gözlənilən qatlanan “iPhone Ultra” üçün xüsusilə faydalı ola bilər. İstifadəçi iri və çox bahalı olacağı gözlənilən cihazı hər yerə aparmaq əvəzinə eyni nömrədən müvəqqəti olaraq daha kiçik və ucuz “iPhone”da yararlana bilər. Beləliklə, gündəlik istifadə zamanı 2 telefon arasında keçid asanlaşacaq.
“iPhone Handoff”-un işləməsi mobil operatorların bu funksiyanı dəstəkləməsindən asılı olacaq. Sistem kodunda “T-Mobile US” və “Telekom.de” adlarına istinadlar aşkarlanıb. Digər operatorların və müxtəlif ölkələrdəki mobil şəbəkələrin yeniliyi nə vaxt dəstəkləyəcəyi hələ bilinmir. Buna görə də funksiya “iOS 27” yayımlanan kimi bütün istifadəçilər üçün aktiv olmaya bilər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...