Logo
    Jan de Jager brauzerdə işləyən tam Intel 486 emulatoru hazırladı

    Jan de Jager brauzerdə işləyən tam Intel 486 emulatoru hazırladı

        Proqramçı Jan de Jager brauzerdə işləyən tam Intel 486 emulatoru hazırlayıb. “Retro486 Modular Browser PC” adlı “e486-web” layihəsi 100% təmiz “JavaScript” kodu ilə işləyir. Əlavə proqram quraşdırmağa ehtiyac yoxdur. Canlı demoda 1 kliklə 66 MHz tezlikli Intel 80486DX2 prosessorunu təqlid edən virtual kompüter açılır. Layihənin hazırlanmasında “Claude” köməkçi alət kimi göstərilib.
    Jan de Jager brauzerdə işləyən tam Intel 486 emulatoru hazırladı
        Emulatorun əsas hissəsi köhnə CRT monitorunu xatırladan ekrandır. Burada DOS əmrləri yazmaq, proqram və oyunları açmaq olur. Görüntünü rəngli, skan xətli, yaşıl fosforlu, kəhrəba rəngli və ya ağ kağız üslubunda göstərmək olar. Digər bölmələrdə ana plata, əlavə kart yuvaları, yaddaş qurğuları və sistem parametrləri ayrıca tənzimlənir.
        Standart virtual sistemdə VLB qrafik kartı və “Sound Blaster 16” ISA səs kartı var. Buraya çoxfunksiyalı I/O kontrolleri və şəbəkə kartı da daxildir. İstifadəçi bu kartların parametrlərini dəyişə, onları çıxara və yenilərini əlavə edə bilər. “Custom Card Studio” bölməsində yeni əlavə kartlar hazırlamaq və sınaqdan keçirmək olur. Yəni emulator yalnız hazır sistemi işlətmir, kompüterin virtual quruluşunu dəyişməyə də şərait yaradır.
    Jan de Jager brauzerdə işləyən tam Intel 486 emulatoru hazırladı
        Yaddaş bölməsində 1 kliklə açılan əməliyyat sistemi, proqram və oyun diskləri var. Fayllar daha tez açılsın deyə əvvəlcədən brauzerin müvəqqəti yaddaşında saxlanılıb. “FreeDOS” problemsiz açılıb, ancaq kitabxanadakı bəzi oyunlar işə salınarkən xətalar qeydə alınıb. Siyahıda “Doom” və “Wolfenstein 3D” də var. İstifadəçi virtual sərt disk yaradıb onu tənzimləyə bilər. Brauzer parametrləri sessiyalar arasında saxlayır, ROM məlumatlarını, disket surətlərini, eləcə də yüklənmiş IMG və ISO fayllarını avtomatik yaddaşa verir.
        “System and Diagnostics” bölməsində prosessor modelini dəyişmək və onun daxili registrlərinə baxmaq olur. Burada RAM, VRAM, BIOS, yaddaş və kompüterin açılışı üçün lazım olan sektorlar da yoxlanılır. Layihə hazırda 0.1 versiyasındadır. Faylların çoxu təxminən 1 həftə əvvəl yenilənib, bəziləri isə cəmi 2 gün öncə dəyişdirilib. Emulatorda hələ xətalar ola bilər, amma bölmələrə ayrılmış interfeys və geniş tənzimləmə seçimləri artıq canlı demoda işləyir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...