Logo
    Meta ZRAM-ı oxumada 452 dəfəyədək qabaqlayan CRAM yaddaş modeli hazırlayır

    Meta ZRAM-ı oxumada 452 dəfəyədək qabaqlayan CRAM yaddaş modeli hazırlayır

        “Meta”da Gregory Price və komandasının hazırladığı “CRAM” adlı yaddaş sıxma modeli “Linux” sistemlərində “ZRAM”dan 452 dəfəyədək sürətli işləməyi vəd edir. Texnologiya sıxılmış məlumatı diskdəki müvəqqəti sahəyə göndərmir, birbaşa RAM-da saxlayır. “ZRAM” və “zswap” isə yaddaşı swap adlı müvəqqəti yaddaş qatı üzərindən idarə edir. “CRAM” hələ araşdırma və hazırlanma mərhələsindədir.
    Meta ZRAM-ı oxumada 452 dəfəyədək qabaqlayan CRAM yaddaş modeli hazırlayır
        Komandanın qənaətinə görə, sistemi ləngidən əsas səbəb məlumatın sıxılması deyil. Sürət itkisi daha çox yaddaşa müraciət zamanı yaranan xətalar və swap əməliyyatları ilə bağlıdır. “CRAM” sistemdə blok cihazı kimi yox, ayrıca yaddaş sahəsi sayılan xüsusi NUMA qovşağı kimi işləyir. Beləliklə, “Linux” yaddaş bloklarını köçürə və ayrılan yaddaşın həcmini dəyişə bilir. Sıxılmış məlumat da RAM-dan çıxmır.
        Yalnız oxuma rejimində “CRAM” sıxılmış məlumatın ən kiçik hissələrinə birbaşa çıxış verir. Məlumatın açılması isə avadanlıq səviyyəsində sürətləndirilir. Ən zəif sınaqda belə sistem saniyədə 489 milyon əməliyyat yerinə yetirib. “ZRAM” eyni sınaqda saniyədə 1,1 milyon əməliyyata çatıb. Beləliklə, “CRAM” yalnız oxuma rejimində 452 dəfəyədək sürətli olub və DRAM sürətinə yaxınlaşıb.
    Meta ZRAM-ı oxumada 452 dəfəyədək qabaqlayan CRAM yaddaş modeli hazırlayır
        Yazma əməliyyatları əlavə olunanda fərq azalıb, amma “CRAM” yenə öndə qalıb. Əməliyyatların 20%-nin yazmadan ibarət olduğu ən zəif sınaqda model “ZRAM”dan 5,4 dəfə sürətli işləyib. Sıxılmış məlumatı birbaşa dəyişmək olmur, çünki bu, onu poza bilər. Ona görə yaddaş blokları əvvəlcə açılır, sonra ilkin NUMA sahəsinə köçürülür.
        Layihədə “Chicken Bit” adlı qoruma mexanizmi də var. Yaddaş ayrılarkən bu funksiya “CRAM”a müraciəti qısa müddətə dayandırır və ardıcıl xətaların qarşısını alır. Ancaq sıxılma dərəcəsi dəyişdiyindən sistemdə nə qədər istifadə oluna bilən RAM qaldığını dəqiq hesablamaq hələ olmur. Texnologiya böyük serverlər üçün hazırlanır, gələcəkdə “Steam Deck” kimi cihazlarda da işləyə bilər. Onun “Linux” nüvəsinə nə vaxt əlavə ediləcəyi isə bilinmir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...