Samsung Galaxy üçün ölçmə və virtual rəsm tətbiqlərini bağlayacaq
Proqram Təminatı
07.09.2026
“Samsung” uzun müddətdir “Galaxy” telefonlarında istifadə olunan 2 artırılmış reallıq (AR) tətbiqini bağlamağa hazırlaşır. “Quick Measure” və “AR Doodle” xidmətləri 31 dekabr 2026-cı ildə dayandırılacaq. Bundan sonra tətbiqləri yenidən yükləmək və yeniləmək mümkün olmayacaq. Açıqlamaya görə, hər 2 xidmət gələcəkdə təkmilləşdirilmiş formada geri qayıdacaq.
“Quick Measure” telefonun kamerası vasitəsilə real məkandakı məsafələri ölçür. “AR Doodle” isə kamera görüntüsündə ətraf mühitin üzərinə virtual rəsmlər çəkməyə imkan verir. AR texnologiyası kamerada görünən real görüntüyə rəqəmsal elementlər əlavə edir. Beləliklə, istifadəçilər ölçmə və rəsm funksiyalarından birbaşa telefonda yararlana bilirlər.
31 dekabrdan sonra hər 2 tətbiqi “Galaxy Store”dan yükləmək mümkün olmayacaq. Artıq quraşdırılmış tətbiqlər üçün yeniləmələr də yayımlanmayacaq. Telefonunda bu tətbiqlər olan istifadəçilər onlardan yararlanmağa davam edə biləcəklər. Lakin “Samsung” bəzi funksiyaların düzgün işləməyə biləcəyi barədə xəbərdarlıq edib.
Tətbiqlər həmin tarixdə dərhal işləməyəcək hala gəlməyəcək. Ancaq sonrakı əməliyyat sistemi yeniləmələri onların fəaliyyətinə problem yarada bilər. “Samsung” gələcək əməliyyat sistemi versiyaları ilə uyğunluq üçün dəstək göstərməyəcək. Tətbiqlərin səhifələri “One UI” sisteminin ən yeni versiyalarında artıq “Galaxy Store”da görünmür. Təkmilləşdirilmiş xidmətlərin nə vaxt istifadəyə veriləcəyi hələ açıqlanmayıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...