Logo
    Samsung One UI 9 beta yeniləməsini daha 10 Galaxy modelinə açdı

    Samsung One UI 9 beta yeniləməsini daha 10 Galaxy modelinə açdı

        “Samsung” şirkəti “Android 17” əsasında hazırlanan “One UI 9” beta yeniləməsini daha 10 “Galaxy” cihazı üçün istifadəyə verib. Şirkət sınaq versiyasını daha əvvəl “Galaxy S25 Edge” istisna olmaqla “Galaxy S25” seriyasına və “Galaxy S24” seriyasına açmışdı. İndi siyahıya əvvəlki nəsil yüksək səviyyəli smartfonlar, qatlanan cihazlar və orta səviyyəli modellər də əlavə olunub.
        Yeni siyahıya “Galaxy S23”, “Galaxy S23+”, “Galaxy S23 Ultra”, “Galaxy Z Fold7”, “Galaxy Z Flip7”, “Galaxy Z Fold6”, “Galaxy Z Flip6”, “Galaxy A57” və “Galaxy A56” daxildir. İlkin mərhələdə yeniləmədən kənarda qalan “Galaxy S24 FE” də beta proqramına qoşulub. Beləliklə, bu mərhələdə “One UI 9” beta versiyasını alan əlavə cihazların sayı 10-a çatıb.
        Bu modellərdən birinin sahibi olan istifadəçilər yeniliyi sınamaq üçün “Samsung Members” tətbiqindəki “One UI 9 Beta” proqramına qeydiyyatdan keçməlidirlər. Bundan sonra telefonun “Parametrlər” bölməsində “Proqram yeniləməsi” menyusunu açmaq lazımdır. Beta paketi cihaz üçün əlçatandırsa, sistem onu yükləməyi təklif edəcək. Beləliklə, istifadəçilər stabil versiyanı gözləmədən yeni proqramı sınaqdan keçirə bilərlər.
        “One UI 9.0” böyük yeniliklər gətirmir və dəyişikliklərin əsasən məhdud olduğu bildirilir. Beta yeniləməsini alan cihazların çoxunda məlum təhlükəsizlik boşluqlarını aradan qaldıran paketlər ən azı 2 ay geri qalır. Bunun “One UI 9”-un buraxılışının gözlənilməsi ilə bağlı olduğu ehtimal edilir. Yeniləmənin stabil versiyasının nə vaxt yayımlanacağı hələ məlum deyil.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...