Logo
    Windows 11-də dəyişikliksiz işləyən ən köhnə pəncərəli tətbiq tapılıb

    Windows 11-də dəyişikliksiz işləyən ən köhnə pəncərəli tətbiq tapılıb

        Texnologiya həvəskarı Enlyth “Windows 11”də heç bir dəyişiklik və uyğunluq proqramı olmadan işləyən ən köhnə qrafik interfeysli tətbiqi tapdığını açıqlayıb. Söhbət pəncərə və düymələrlə idarə olunan 16 noyabr 1992-ci il tarixli “CDPLAYER.EXE” faylından gedir. Təxminən 34 yaşlı tətbiq faylın üzərinə 2 dəfə kliklədikdə açılır.
        Araşdırmanın əvvəlində 1993-cü ilin fevralında çıxan “FREECELL.EXE” problemsiz açılıb. Oyun bəzi 32 bitlik tətbiqləri “Windows 3.1” və “Windows 3.11” kimi 16 bitlik sistemlərdə işlətmək üçün hazırlanmış “Win32s” proqram mühiti ilə yayılmışdı. “Win32s”in sınaq versiyası 1992-ci ilin oktyabrında çıxıb, geniş istifadə üçün versiyası isə 1993-cü ilin iyulunda yayımlanıb.
        Enlyth daha sonra “Windows NT 3.1”in satışa çıxmazdan əvvəl hazırlanmış versiyalarını araşdırıb. O, 347 nömrəli yığımda “CDPLAYER.EXE” faylını tapıb. Faylın yaradılma tarixi 16 noyabr 1992-ci il göstərilib. Kompüterdə optik disk qurğusu olmadığı üçün kiçik “cdemu.dll” faylı CD qurğusunu təqlid edib. Tətbiqin özündə heç bir dəyişiklik edilməyib və proqram normal işləyib.
        “Windows 11” 16 bitlik tətbiqləri birbaşa açmadığı üçün daha köhnə proqramlar əsas nəticəyə salınmayıb. Bununla belə, “Winevdm” layihəsinin “otvdm” aləti 64 bitlik sistemdə 15 noyabr 1985-ci il tarixli “REVERSI.EXE” oyununu işə salıb. “Windows 1.01” ilə yayılan təxminən 41 yaşlı oyun tam işləyib. Ancaq bunun üçün uyğunluq alətindən istifadə olunduğuna görə nəticə eksperimentin əsas şərtinə uyğun sayılmayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...