Windows 11 yenilənir: oyunlarda kadr tezliyi 10%-dək azala bilər
Proqram Təminatı
12.11.2026
“Microsoft” “Windows 11” üçün noyabr yeniləməsini yayımlayıb. Yeniliklər arasında sağ klik menyusunu fərdiləşdirmək, “Microsoft Edge” brauzerini daha tez açmaq və noutbuku gözləmə rejimindən sürətlə çıxarmaq var. Sistem bərpası üçün də yeni seçim əlavə olunub. Bəzi funksiyalar mərhələli yayıldığına görə bütün kompüterlərdə dərhal görünməyə bilər.
İstifadəçilər sağ klik menyusunda görünəcək seçimləri seçə, lazım olmayanları silə biləcəklər. Menyunun yuxarı hissəsində kəsmə və ad dəyişdirmə kimi əmrlərin olduğu paneli də gizlətmək olar. “Microsoft” menyunun açılmasını sürətləndirib. Dəyişiklik istifadəçilərə mərhələli şəkildə çatacaq.
Yeniləmədən sonra “Microsoft Edge” brauzerinin ilk açılış sürəti dəyişmir, növbəti açılışlar isə daha tez baş verir. Funksiya artıq bütün istifadəçilərdə aktivdir və gələcəkdə başqa tətbiqlərə də əlavə oluna bilər. Noutbuklarda batareya səviyyəsi 80 faizdən yuxarı olduqda “Modern Standby” gözləmə rejimindən çıxış sürətlənir. Bu yenilik də mərhələli yayılır.
“Cloud Rebuild” funksiyası sistemdə ciddi problem yarananda “Windows 11”i USB yaddaşdakı sistem surəti olmadan yenidən qurur. Lazım olan sistem faylları və cihazların işləməsi üçün proqramlar “Windows Update” ilə endirilir. WinRE adlanan bərpa sistemi yadda saxlanmış Wi-Fi məlumatlarından avtomatik yararlanır. Beləliklə, bərpa zamanı kompüter internetə özü qoşulur.
Yeniləmənin mübahisə doğuran hissəsi yaddaş bütövlüyü qorumasının uyğun kompüterlərdə avtomatik işə salınmasıdır. HVCI adlanan bu təhlükəsizlik funksiyası zərərli proqramların sistem yaddaşına müdaxiləsini çətinləşdirir. Əvvəllər qoruma əsasən yeni kompüterlərdə və “Windows 11” yenidən qurulanda avtomatik aktivləşirdi. İndi uyğun köhnə cihazlar da mərhələli şəkildə bu siyahıya əlavə olunur. Bununla yanaşı, istifadəçi və sistem administratorunun əvvəlki seçimləri dəyişdirilmir.
Yaddaş bütövlüyü bəzi oyunlarda kadr tezliyini 5 faiz, müəyyən sistemlərdə 10 faiz azalda bilər. Sürət itkisi daha çox köhnə prosessorlu kompüterlərdə hiss olunur, yeni prosessorlarda isə təsir çox zəif ola bilər. İstifadəçilər funksiyanı sonradan söndürə bilərlər. “Microsoft”a görə, HVCI yeni təhlükələrə qarşı qorumanı gücləndirmək üçün aktivləşdirilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...